Statistika göstərir ki, əhalinin kreditlərə marağı artmaqdadır. Son zamanlar istehlak kreditlərinə təlabat aktuallaşıb. Eyni zamanda banklardan kredit alan vətəndaşlar xeyli saydadır. Mərkəzi Bankın ötən il üçün açıqladığı rəqəmlərə əsasən, bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı, 13 milyon 488 min ədəd təşkil edib.
Maraqlıdır, vətəndaşlar arasında kreditə marağın artmasının səbəbi nədir, banklardan kredit götürmək prosesi asanlaşıb?
Məsələ ilə bağlı “Operativ Media”ya danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanda kreditlərin verilməsi asanlaşıb.
“Azərbaycanda nağd və istehlak kreditlərinin verilməsi doğurdan da asanlaşıb. Çünki, bankların sərbəst vəsaiti var. Sərbəst vəsaiti isə başqa yerdə istifadə edə bilmirlər. Xarici ölkələrdə banklar eyni zamanda investisiya mərkəzləri olur. Banklar qiymətli kağızlara və başqa investisiya alətlərinə yatırım edib, pul qazanırlar. Təəssüflər olsun ki, Azərbaycanda elə bir şərait və qiymətli kağızlar bazarı yoxdur. Ölkəmizdə iqtisadi model həddindən artıq sadədir. Ona görə də banklar daha çox kredit verilməsi ilə bağlı məsələlərə yönəlirlər.
Azərbaycanda problemli kreditlərin sayı çox deyil. İdarə olunan səviyyədədir. Amma problemli kreditlər tendensiyasına baxdıqda, hər ay cüzi də olsa artım müşahidə edə bilərik. Bu da onu deməyə əsas verir ki, bir müddət sonra problemli kreditlərin sayı arta bilər. Bu kreditlərin sayı artsa, bank sektorunda müəyyən problemli vəziyyətlərin yaranmasına gətirib çıxara bilər.
Hələ ki, kreditlərin asan şəkildə əldə edilməsi ilə bağlı hanısa addımın atılmasına ehtiyac yoxdur. Vətəndaşların kredit tələbləri yüksək olduğuna görə, banklar bununla bağlı özlərinə sərf edən qərarlar verir. Çünki bankların qazancı daha çox istehlak və nağd kreditlər hesabına eldə edilir”.
Mövzu ilə bağlı “Operativ media”ya açıqlama verən iqtisadçı Xalid Kərimli kredit ödənişinin gəlir nisbətinin 40 faizini təşkil etdiyini bildirib:
“Kreditlərin həcmi o qədər də çox deyil. Ölkəmizdə kredit əldə etmək həddən artıq asandır. Burada bir məqam da üzə çıxır. Ölkəmizdə insanların gəlirlərinin müəyyən hissəsi qeyri-rəsmi olduğuna görə, bu prosesdə iştirak edə bilmirlər. Yəni vətəndaş bu gəliri banklara təqdim edə bilmir. Mərkəzi bankın 2021-ci ildə rəhbərliyi dəyişildikdən sonra, ciddi sürətdə istehlak kreditlərinə məhdudiyyət qoyuldu.
Hazırda ödəniş gəlir nisbətinin 40 faizdən çox olmayacaq şəkildə müəyyənləşdirilib. Vətəndaşın gəliri 1000 manatdırsa, onun aylıq ödənişi 400 manatdan çox olmamalıdır. Bu şəkildə gəlir-ödəniş sistemi tətbiq edilir. Bu prosesə də ciddi şəkildə nəzarət olunur. Vətəndaşın kreditə marağın çox olmasının səbəbi isə, problemlərini həll etməsidir. Ev almaq istəyən vətəndaş, 20 il pul yığmaq yerinə kredit götürüb mənzil əldə etmiş olur. Bank pulu qaytara biləcək şəxsə vəsait verir”.
İqtisadçı bildirib ki, vətəndaşların kreditdən çox istifadəsi, faizlərin yüksəlməsinə səbəb olur:
“Vətəndaşların kreditdən çox istifadə etməsi faizlərinin yüksəlməsinə səbəb olur. Kredit faizin yüksək olması Azərbaycanla bağlı məsələdir. Çünki vətəndaş əlindəki Azərbaycan manatını banka ucuz qoymaq istəmir. Vətəndaş fikirləşir ki, əlindəki məbləği ABŞ valyutası ilə 5-6 faizlə banka qoymaq daha yaxşıdır. Ona görə də, Azərbaycan bankı götürdüyü bu məbləğin üzərinə komissiyasını da əlavə edərək daha yüksək faizlə vətəndaşa satır.
Buna görə də kredit götürülməsə belə, Azərbaycanda pulun faiz dərəcəsi düşməyəcək. Çünki, bu məsələdə müəyyən risklər mövcuddur. Mərkəzi bankın sədri dəfələrlə iqtisadçılar ilə görüşdə qeyd edib ki, bankların əlində 6 - 8 milyard manat arası resurs var. Anlaşıqlı şəkildə desək, banklar 6-8 milyard dəyərində krediti kimə verəcəklərini tapa bilmirlər. Bu o deməkdir ki, 6-8 milyard manat kredit götürülməmiş qalıb. Kreditlərin sayı artıqda, faiz artır. Amma ölkədə kredit götürənlərin sayı azalsada, faiz bir yerdən sonra aşağı düşməyəcək”.
X.Kərimli bildirib ki, krediti qaytarmayan şəxslərin xərci də, qaytararan şəxslərin xərcinin üzərinə düşür:
“Kiçik məbləğli kreditlərin faizləri yüksək olur. Bankın verdiyi kredit məbləğindən asılı olmayaraq eyni proses həyata keçirilir. Yəni 20 və 2 minlik kredit arasında heç bir fərq yoxdur. Həm 20, həm də 2 minlik kredit qaytarılmadığı halda, məhkəmə prosesi eynidir. Bank da kiçik məbləğli kredit üçün işçisini yormaq istəmir. Ona görə də kiçik məbləğli kreditin faizini yüksək edir.
Banklar kredit verərkən, vəsaiti alan şəxsin gəlirlərinə baxır. Burada söhbət təkcə maaşdan getmir. Həmin şəxsin maaşından başqa da, rəsmi qazancı ola bilər. Kreditlər təkcə bankın problemi deyil, eyni zamanda müştərinin problemidir. Vətəndaş öz büdcəsinə uyğun kredit əldə etməlidir. Hazırda banklar verdikləri krediti toplaya bilir. Krediti qaytarmayan şəxslərin xərci, qaytaran şəxslərin xərcinin üzərinə də düşür. Yəni, bank bu məbləği faizi qaldıraraq hər kəsdən alır. Bu da faiz dərəcələrini artırır".
Gülcahan Məmmədova