Baş Prokurorluğun Mətbuat xidmətindən "Operativ Media"ya bildirilib ki, Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 2 sinfində pelet sobasının tıxanması səbəbindən tüstülünmə nəticəsində 62 nəfərin xəstəxanaya yerləşdirilməsi faktı üzrə Tovuz rayon prokurorluğunda araşdırma aparılır.
Xəstəxanaya müraciət edən şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb, səhhətləri normaldır.
***
14:37
Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən məktəbdə şagirdlər arasında dəm qazından kütləvi zəhərlənmə şübhəsilə çağırış daxil olub. 60 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə “Operativ Media”nın sorğusuna cavab olaraq TƏBİB məlumat verib.
Son məlumata görə, 60 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.Zərərçəkənlər müvafiq şöbələrə yerləşdirilib.
Hazırda onların hər birinə zəruri tibbi xidmətlər göstərilir. Vəziyyətləri stabildir. Artıq 27 nəfər ambulator müalicə üçün evə buraxılıb
***
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 19.12.2024-cü il tarixində saat 11:00 radələrində Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən məktəbdə şagirdlər arasında dəm qazından kütləvi zəhərlənmə şübhəsilə çağırış daxil olub.
Çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub.
Saat 13:20 radələrinə olan məlumata görə, 55 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Zərərçəkənlər Təcili və təxirəsalınmaz tibbi yardım, Reanimasiya, Cərrahiyyə və Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilir.
***
Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 2 sinfində pelet sobadakı tıxanma səbəbindən yaranan tüstülənmədə 20 nəfərə yaxın şagird özünü pis hiss edib.
Bu barədə “Operativ Media”nın sorğusuna cavab olaraq Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.
Qeyd edilib ki, məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində tüstülənmənin genişlənməsinin qarşısı alınıb:
“Şagirdlər və müəllimlər təxliyə planına uyğun olaraq təhlükəsiz yerə köçürülüblər. Tovuz rayonu üzrə təhsil sektorunun əməkdaşları hadisə yerindədir. Tüstülənmə nəticəsində 20 nəfərə yaxın şagird özünü pis hiss edib və təcili tibbi yardıma müraciət olunub. Onların səhhəti diqqət mərkəzində saxlanılır”.
İdarədən bildirilib ki, hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.
“Tədris prosesinin fasiləsizliyini təmin etmək üçün zəruri tədbirlər görülür”, - deyə vurğulanıb.