Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - Siyahı

Nərmin Qocamanlı
Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - Siyahı
Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlanıb.

Ötən ilin dekabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma yumru düyünün, təzə balığın, pasterizə olunmamış üzlü südün, yumurtanın, zeytun yağının, narın, naringinin, üzümün, heyvanın, xurmanın, almanın, bananın, qozun, fındığın, xiyarın, pomidorun, sarımsağın, soğanın, balqabağın, limonadın qiymətlərində müşahidə olunub.

"Operativ Media" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, ötən ay ucuzlaşma isə əsasən qarabaşaq və manna yarmasının, çörəyin, mal və qoyun ətinin, kəsmiyin, süfrə marqarininin, qarğıdalı və günəbaxan yağlarının, portağalın, limonun, kələmin, yerkökünün, çuğundurun, kartofun, şəkər tozunun qiymətlərində müşahidə olunub.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

2024-cü ilin dekabr ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,6 faiz təşkil edib. Dekabr ayında əvvəlki ayla müqayisədə qeyri-qida mallarından bahalaşma məişət cihazlarının və şəxsi gigiyena məmulatlarının, ucuzlaşma isə kəsilmiş taxtanın, ortopedik döşəklərin, fərdi kompüter və noutbukların qiymətlərində müşahidə olunub. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2024-cü ilin dekabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 104 faiz təşkil edib. Dekabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən stomatoloji xidmətlərin, restoran və kafelər tərəfindən göstərilən iaşə xidmətlərinin, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Digər xəbərlər