İlham Əliyev Ərdoğana zəng edərək başsağlığı verib - YENİLƏNİB

Nərmin Qocamanlı
İlham Əliyev Ərdoğana zəng edərək başsağlığı verib - YENİLƏNİB
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edərək 78 nəfərin öldüyü yanğınla bağlı başsağlığı verib və dəstəyini ifadə edib.

Yanvarın 23-də Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd edilib ki, dövlətbaşçısı Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin otelində baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana dərin hüznlə başsağlığı verib.

O, bu dəhşətli faciədə həlak olanlara Uca Allahdan rəhmət diləyib və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıb.

Prezident İlham Əliyev yanvarın 21-də faciə ilə əlaqədar Türkiyə Respublikasının Prezidentinə başsağlığı məktubu göndərdiyini də qeyd edib.

Türkiyə Prezidenti diqqətə və başsağlığına görə minnətdarlığını bildirdi və qeyd etdi ki, Türkiyə və Azərbaycan daim bir-birilərinin yanındadırlar, bundan sonra da həmişə belə olacaqdır.

Telefon danışığı əsnasında dövlət başçıları ikitərəfli münasibətlərin müxtəlif sahələrinə dair fikir mübadiləsi apardılar.

***
11:42

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Bildirilib ki, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan, Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani və Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng ediblər.

"Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Azərbaycan liderləri Bolu Kartalkayada baş verən yanğınla bağlı Türkiyəyə başsağlığı veriblər və dəstəklərini bildiriblər", - məlumatda qeyd olunub.

Qeyd edək ki, yanvarın 21-də Türkiyənin Bolu bölgəsində yerləşən Kartalkaya xizəkçilik mərkəzində yanğın baş verib. Yanğın nəticəsində 78 nəfər həyatını itirib.

Digər xəbərlər