Menyu

Sosial şəbəkələrdə görüntüləri yayılan həkimə töhmət verilib

Operativ Media
Sosial şəbəkələrdə görüntüləri yayılan həkimə töhmət verilib

Şirvan Şəhər Mərkəzi Xəstəxanasının həkiminə etik qaydaları pozduğuna görə töhmət verilib.

TƏBİB-dən Operativ Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Terapiya şöbəsinin həkim-nevropatoloqu Dürdanə Rauf qızı Səfərova müalicə alan xəstə ilə yersiz mübahisə apararaq davranış qaydalarını pozub və bu, vətəndaşın haqlı narazılığına səbəb olub.

Araşdırma nəticəsində müəyyən edilib ki, həkim xəstə ilə münasibətləri düzgün qiymətləndirməyib və etik davranış normalarını pozub.

D.Səfərova öz yazılı izahatında da davranış qaydalarının pozulmasını dolayısı ilə təsdiq edib.

Məlumatda qeyd olunur ki, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının direktoru Pərviz Rüstəmbəyovun əmri ilə Dürdanə Səfərovaya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən etik davranış qaydalarını pozduğuna görə töhmət verilib.

Əlavə edilib ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən bütün tibb müəssisələrində vətəndaşların sağlamlıq hüquqlarının qorunması, etik və peşəkar prinsiplərin təmin olunması əsas prioritetlər sırasındadır.

Qeyd edək ki, sosial şəbəkələrdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının həkiminin etik qaydaları pozduğunu əks etdirən video yayılmışdı.

Əlaqəli Xəbərlər