Avtomobili lizinqlə, yoxsa kreditlə almaq sərfəlidir? - İZAH

Nərmin Qocamanlı
Avtomobili lizinqlə, yoxsa kreditlə almaq sərfəlidir? - İZAH

Azərbaycanda avtomobil almaq istəyən vətəndaşların qarşısında iki əsas seçim dayanır: lizinq və istehlak krediti. Hər iki üsulun öz üstünlükləri və çatışmazlıqları var.

Operativ Media hansı üsulun daha sərfəli olmasını araşdırıb

Lizinqi seçən insanların əsas səbəbi – sənədləşmə prosesinin asanlığı və bəzən iş yeri tələbinin olmamasıdır. Yəni, rəsmi gəliri olmayan və ya kredit tarixçəsi zəif olan şəxslər belə lizinq yolu ilə avtomobil əldə edə bilirlər. Bu baxımdan lizinq daha əlçatan görünür.

Lakin burada bəzi vacib məqamlar var.

Məsələn:

● 15 min manatlıq avtomobil almaq üçün sizdən təxminən 5 min manat ilkin ödəniş tələb olunur.

● Qalan məbləğ lizinq şirkəti tərəfindən təxminən 23%-lə sizə verilir.

● Avtomobilin sənədləşdirilməsi, sığorta xərcləri, DYP-də qeydiyyat, və lizinq şirkətinin adına keçirilməsi, sonda çıxarılması kimi əlavə xərclər də mövcuddur.
 

Bu xərcləri topladıqda məlum olur ki, lizinq əslində sizə illik təxminən 30%-ə başa gəlir. Bu isə kreditlə müqayisədə xeyli yüksək göstəricidir. Beləliklə, 15 min manatlıq avtomobil lizinq üsulu ilə 36 ay müddətinə sizə 24 500 manata başa gələcək.
 

Bəs kreditdə vəziyyət necədir?
 

Bank krediti götürüb bu vəsaiti avtomobil almağa yönəltmək mümkündür.

Burada siz:

● İstehlak krediti kimi illik 10%-15% arası faizlə vəsait əldə edirsiniz.

● Avtomobil öz adınıza rəsmiləşdirilir.

● Əlavə sənədləşmə və əlavə xərclər demək olar ki, yoxdur.
 

Bu baxımdan, kredit lizinqə nisbətən daha sərfəlidir. Lakin burada da müəyyən şərtlər var:
 

1. Problemsiz kredit tarixçəniz olmalıdır.

2. Rəsmi aylıq gəliriniz olmalıdır. 

3. Mütəxəssislər sizin aylıq gəlirinizi və xərclərinizi analiz edərək maksimum kredit məbləğini müəyyənləşdirirlər.
 

Beləliklə, əgər sizin rəsmi iş yeriniz, sabit gəliriniz və qənaətbəxş kredit tarixçəniz varsa – o zaman istehlak krediti vasitəsilə avtomobil almaq daha ucuz və sərfəlidir. İllik ortalama 12 faizlə 15 000 manat kredit əldə etsəniz, 36 ay müddətinə banka təxminən 21 000 manat ödəniş edəcəksiniz.

Bundan əlavə, avtosalonların da vətəndaşlar üçün öz daxili kredit şərtləri olur ki, o da ümumilikdə adi kreditdən və lizinqdən də bahdır. Belə ki, apardığımız araşdırmalar zamanı məlum olub ki, avtosalonların əksəriyyəti müştərilərə illik 40-50 faizlə kredit imkanı təklif edirlər. Buraya da DYP, sığorta kimi xərclər daxil deyil.

Digər xəbərlər