Kolumbiyada prezidentliyə namizədə sui-qəsd olub - YENİLƏNİB

Əsəd Abbaslı
Kolumbiyada prezidentliyə namizədə sui-qəsd olub - YENİLƏNİB

Kolumbiya senatoru və “Demokratik Mərkəz” partiyasından prezidentliyə namizəd Migel Uribe Turbay şənbə axşamı ona qarşı sui-qəsd cəhdindən sonra təcili əməliyyat keçirib.

Bu barədə Operativ Media “Blu Radio”ya istinadən məlumat verir.

Siyasətçinin yaxın çevrəsindəki mənbələrin sözlərinə görə, cərrahi əməliyyat uğurlu olub, lakin vəziyyəti kritik olaraq qalır.

Əməliyyatın uğurla keçirilməsi xəbərini “Demokratik Mərkəz”in üzvü olan Nümayəndələr Palatasının (Kolumbiya Konqresinin aşağı palatası – red.) üzvü Kristian Qarses də təsdiqləyib.

“Migel əməliyyat keçirdi, o bunu etdi. İndi onun sağalması üçün çox səy göstərmək lazımdır”, – Qarses bildirib.

Xatırladaq ki, 39 yaşlı Turbay Boqotanın qərbindəki Modelya rayonunda seçkiqabağı tədbirdə çıxışı zamanı bir neçə güllə yarası, o cümlədən baş və boyun nahiyəsindən yaralanıb. Ona hücum edənlərdən biri, 15 yaşlı yeniyetmə saxlanılıb. Hakimiyyət hücumun araşdırılmasına kömək edəcək hər hansı məlumat üçün 3 milyard peso (təxminən 730 min ABŞ dolları – red.) mükafat elan edib.

09:55

Kolumbiyanın paytaxtı Boqotada senatora və prezidentliyə potensial namizəd Migel Uribe Turbaya sui-qəsd cəhdi olub.

Operativ Media-nın "Kommersant" nəşrinə istinadən verdiyi xəbərə görə, o, güllə yarası alıb.

Hadisə onun seçiciləri ilə planlaşdırılmış seçkiqabağı görüşü zamanı baş verib. Tədbirdə ilkin ehtimala görə, üç dəfə atəş səsi eşidilib. Senator ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

"El Tiempo" qəzeti yazır ki, atəş aşan şəxs 15 yaşlı yeniyetmə olub. Senatorun mühafizəçiləri tərəfindən yaralanan yeniyetmə hazırda xəstəxanadadır.

Digər xəbərlər