3 vəkilə xəbərdarlıq edilib, 1 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb

Operativ Media
3 vəkilə xəbərdarlıq edilib, 1 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb

2025-ci il oktyabrın 22-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Kollegiyadan Operativ Media-ya verilən məlumata görə, iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Sonra iclasın gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlı məsələyə də baxılıb. Belə ki, ixtisas imtahanlarının yazılı və şifahi mərhələlərini, eləcə də icbari təlim proqramını uğurla başa vuran namizədlər, habelə əvvəllər hakim və ya vəkil işləmiş vəkilliyə qəbulla bağlı ixtisas imtahanının şifahi müsahibə mərhələsində müvəffəqiyyət qazanmış şəxslərin andiçmə mərasimi keçirilib. Namizədlər vəkil etikası və peşə borcuna sadiq qalacaqlarına dair and içərək Kollegiyanın sıralarına qəbul olunublar. Onlara vəsiqə təqdim edilib və gələcək fəaliyyətində uğurlar arzulanıb.

Bundan başqa, VK Rəyasət Heyətinin üzvü İlhamə Həsənova tərəfindən hazırlanmış “İstintaq hərəkəti protokolunun rəsmiləşdirilməsi zamanı vəkilin peşə borcu və davranışı” adlı metodik tövsiyənin təsdiq edilməsi məsələsi müzakirə edilib. Müzakirədən sonra Rəyasət Heyəti metodik tövsiyəni təsdiq olunmasını qərara alıb.

Eyni zamanda iclasda bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, bir vəkilin dövlət qulluğuna qəbul olunması ilə əlaqədar vəkillik fəaliyyətlərinin dayandırılması barədə müraciətləri müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Həmçinin iclasda Kollegiyanın sədr müavinləri tərəfindən regionlarda keçirilmiş monitorinqin nəticəsinə dair məruzələr dinlənilib, müvafiq qərarlar qəbul olunub.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəyləri müzakirə olunub. Rəyasət Heyətinin qərarı ilə yol verdikləri intizam pozuntularına görə 1 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb, 3 vəkilə xəbərdarlıq edilib, 1 vəkilə irad bildirilib və 1 vəkilə isə töhmət verilib.

Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul edilib.  

Digər xəbərlər