Azərbaycan və Oman arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib - YENİLƏNİB

Operativ Media
Azərbaycan və Oman arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib - YENİLƏNİB

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Oman Sultanlığına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Sayid Bədr ibn Həməd ibn Hammud Albusəidi ilə görüşüb.

Bu barədə Operativ Media-ya XİN-dən məlumat verilib.

İkitərəfli görüş, daha sonra çoxtərəfli tərkibdə davam edib.

Görüş zamanı Azərbaycan-Oman ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində yer alan aktual məsələlər və əməkdaşlıq perspektivləri, habelə regional vəziyyət müzakirə edilib.

Azərbaycan və Oman arasındakı ənənəvi dostluq münasibətlərinin mövcud inkişaf səviyyəsi yüksək qiymətləndirilib, qarşılıqlı səfərlərin intensivləşdirilməsi, Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin müntəzəmliyinin təmini və ikitərəfli hüquq-müqavilə bazasının güncləndirilməsinin əhəmiyyəti vurğulanıb.

BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı kimi çoxtərəfli platformalar çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığın məmnunluq doğurduğu diqqətə çatdırılıb.

İqtisadi əməkdaşlıq məsələlərinə toxunularaq, ikitərəfli ticarət dövriyyəsinin həcminin artırılması, qarşılıqlı investisiyaların stimullaşdırılması, energetika, nəqliyyat-kommunikasiya, kənd təsərrüfatı, su resurslarının idarəçiliyi, alternativ enerji, turizm, səhiyyə və digər sahələrdə birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.

Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondunun yaradılmasının ölkələrimiz arasında birgə layihələrin icrasına əhəmiyyətli töhfə verəcəyinə dair əminlik ifadə olunub.

Görüş zamanı həmçinin Yaxın Şərqdə vəziyyət, ölkəmizin post-münaqişə dönəmində sülh və sabitliyin təmin edilməsi istiqamətində addımları, eləcə də qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra, nazirlər tərəfindən "Azərbaycan Respublikası Hökuməti ilə Oman Sultanlığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş" və "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Oman Sultanlığının Xarici İşlər Nazirliyi arasında konsulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanıb.

Eyni gündə, xarici işlər nazirləri Azərbaycan Respublikasının Oman Sultanlığının paytaxtı Maskat şəhərində Səfirliyinin rəsmi açılış mərasimində iştirak edib, Səfirliyin binası ilə tanış olublar.

10:02

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov rəsmi səfəri çərçivəsində Omanın Kral Ofisinin naziri, general  Sultan bin Məhəmməd Əl- Nomani ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, görüş zamanı Azərbaycan və Oman arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunub.

Tərəflər ticarət, investisiya, təhsil, turizm və humanitar sahələrdə əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Nazirlər, həmçinin, BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi beynəlxalq qurumlar çərçivəsində fəal əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edərək, çoxtərəfli platformalarda qarşılıqlı dəstəyin davam etdiriləcəyini bildiriblər.

Görüşdə Yaxın Şərqdə mövcud regional təhlükəsizlik vəziyyəti də müzakirə edilib, bölgədə sülhün və sabitliyin bərqərar olunması üçün birgə səylərin vacibliyi vurğulanıb.

Şəkil Qalereyası

Azərbaycan və Oman arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib - YENİLƏNİB - Şəkil 1
Azərbaycan və Oman arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib - YENİLƏNİB - Şəkil 2
Azərbaycan və Oman arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib - YENİLƏNİB - Şəkil 3
Azərbaycan və Oman arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib - YENİLƏNİB - Şəkil 4

Digər xəbərlər