Menyu

Böyük Qayıdış və hüquqi dövlət quruculuğu: Tarixi ədalətin praktiki təzahürü - TƏHLİL

Operativ Media
Böyük Qayıdış və hüquqi dövlət quruculuğu: Tarixi ədalətin praktiki təzahürü - TƏHLİL

"Vətən müharibəsində qazandığımız qələbə yalnız hərbi uğur deyil, eyni zamanda insan hüquq və azadlıqlarının təminatı baxımından həm milli, həm də beynəlxalq miqyasda mühüm və misilsiz hadisə oldu. Bundan əvvəlki dövrdə, onilliklər ərzində bir milyona yaxın məcburi köçkünün ağır sosial, iqtisadi və mənəvi şəraitdə yaşaması, eləcə də ölkə ərazisinin 20 faizinin işğal altında olması vətəndaş hüquqlarının tam şəkildə həyata keçirilməsinə ciddi maneələr yaradırdı. Bu vəziyyət Azərbaycanın beynəlxalq müstəvidə də fərqli bir mövqedə görünməsinə səbəb olurdu".

Bu sözləri Operativ Media-ya açıqlamasında Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri, deputat Zahid Oruc deyib. 

O bildirib ki, qanunvericilik sahəsində də daim beynəlxalq konvensiya və protokollarla bağlı müəyyən məhdudiyyətlər çərçivəsində çıxış etməli olurduq. Xüsusilə Qarabağ ərazisi ilə bağlı qeyd edilirdi ki, həmin ərazilər hüquqi baxımdan Azərbaycana məxsus olsa da, faktiki olaraq işğal altında olduğuna görə orada beynəlxalq hüquqi sənədlərin tətbiqinə zəmanət verilə bilməz:

“Bu gün isə vəziyyət köklü şəkildə dəyişib. Böyük Qayıdış prosesi başlayıb, vətəndaşlarımız doğma torpaqlarına qayıtmaq imkanı qazanıblar və yeni quruculuq mərhələsi həyata keçirilir.

Eyni zamanda, parlamentdə vətəndaş müraciətləri ilə bağlı qanunvericiliyə mühüm dəyişikliklər edilib. Bu dəyişikliklər, xüsusilə elektron hökumət sistemi vasitəsilə vətəndaşların dövlət orqanlarına müraciət imkanlarını daha da asanlaşdırmağa və operativliyi artırmağa xidmət edir. Vahid platforma üzərindən müraciətlərin toplanması həm problemlərin regionlar üzrə təhlilinə, həm də dövlət idarəçiliyində daha effektiv qərarların qəbuluna şərait yaradacaq.

Bununla yanaşı, vətəndaşların elektron qaydada qəbula yazılması, müraciətlərinə həmin platforma üzərindən cavab verilməsi və bütün dövlət qurumlarının bu prosesdə daha məsuliyyətli iştirak etməsi ilə bağlı mühüm addımlar atılıb.

Şübhəsiz ki, ölkəmiz dinamik inkişaf mərhələsindədir. Lakin regional təhlükəsizlik amilləri də nəzərə alınmalıdır. Post-sovet məkanında davam edən Rusiya-Ukrayna müharibəsi, eləcə də region ətrafında baş verən gərginliklər logistika xətlərinə, ticarət yollarına və ümumilikdə regional əməkdaşlığa mənfi təsir göstərir. Bu isə vətəndaşların hərəkət imkanlarına, iqtisadi fəaliyyətə və beynəlxalq əlaqələrə də təsirsiz ötüşmür.

Bu baxımdan dövlət orqanlarının təhlükəsizlik məsələlərinə prioritet verməsi başa düşüləndir. Bununla yanaşı, vətəndaşların sosial rifahı, yaşayış şəraiti və digər problemləri də daim diqqət mərkəzində saxlanılır və bu məsələlər parlament müzakirələrində mütəmadi olaraq qaldırılır.

Azərbaycan hazırda yeni inkişaf mərhələsinə qədəm qoyur. Ermənistanla sülh prosesinin uğurla nəticələnməsi, regional kommunikasiyaların açılması və uzun illər davam edən qarşıdurmaların aradan qaldırılması bütün region üçün rifah və sabitlik vəd edir.

Zəngəzur dəhlizinin açılması isə Cənubi Qafqazda iqtisadi inkişaf üçün böyük imkanlar yaradır. Proqnozlara görə, bu, növbəti illərdə ümumi daxili məhsulun artmasına və milyonlarla yeni iş yerinin yaradılmasına səbəb ola bilər.

Bir sözlə, Azərbaycanın strateji kursu inkişaf, sabitlik və vətəndaş rifahının təmin edilməsinə yönəlib. Qələbə qazanmış xalq olaraq inanırıq ki, biz daxili problemlərin həllində də eyni qətiyyət və birlik nümayiş etdirəcəyik”.

Milli Məclisin İnsan Hüquqları komitəsinin üzvü, deputat Hikmət Məmmədovun sözlərinə görə, hüquqi münasibətlərin inkişafı və hüquqi maarifləndirmənin gücləndirilməsi ölkəni daha da möhkəmləndirən əsas amillərdəndir:

"Azərbaycanda insan hüquq və azadlıqları Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunur və təmin edilir. Bununla yanaşı, digər qanunverici orqanlar tərəfindən də ictimai münasibətlərin tənzimlənməsi və aktuallaşan məsələlərin hüquqi çərçivəyə salınması üçün əlavə qanunlar qəbul olunur.

Hesab edirəm ki, hüquqi münasibətlərin inkişafı və hüquqi maarifləndirmənin gücləndirilməsi ölkəni daha da möhkəmləndirən əsas amillərdəndir. Cəmiyyətdə hüquqi təfəkkür nə qədər dərin olarsa və vətəndaşların hüquqi bilik səviyyəsi nə qədər yüksək olarsa, hüquqların qorunması da bir o qədər asan və effektiv şəkildə təmin olunar.

Nəzərə almaq lazımdır ki, cəmiyyət müxtəlif fərdlərdən ibarətdir və hər kəsin hüquqa münasibəti fərqli olur. Bu baxımdan, əsas məqsəd hər bir vətəndaşın öz hüquqlarını daha dərindən öyrənməsi və onları düzgün şəkildə tətbiq etməsidir. Bu yanaşma nəticə etibarilə sağlam hüquqi baza formalaşdırır.

Digər tərəfdən, bəzi hallarda sosial şəbəkələrdə yayılan müxtəlif ideoloji təsirlər və yanlış məlumatlar hüquqi bilikləri zəif olan şəxslərə təsir göstərir. Bu isə bəzən qanunvericiliyin tətbiqi zamanı hüquqların pozulduğu ilə bağlı əsassız iddiaların ortaya çıxmasına səbəb olur. Belə hallarda cəmiyyətdə yanlış təsəvvür formalaşır ki, guya ölkədə hüquqi mexanizmlər işləmir. Halbuki bir çox hallarda bu iddialar reallığı əks etdirmir və fərdi halların ümumiləşdirilməsi nəticəsində yaranır.

Nəticə olaraq, bu kimi məsələlər bir daha göstərir ki, hüquqi maarifləndirmənin artırılması vacibdir. Hüquqlarını bilən və anlayan cəmiyyət daha güclü, daha ədalətli və daha dayanıqlı olur”.

Milli Məclisin İnsan Hüquqları komitəsinin üzvü, deputat Azər Allahverənov isə qeyd edib ki, Azərbaycanda insan hüquqlarının qorunması bir neçə əsas istiqamət üzrə həyata keçirilir və bu sahə həm dövlət siyasətinin, həm də beynəlxalq əməkdaşlığın mühüm tərkib hissəsidir:

"Əsas baza isə Azərbaycan Respublikasının Konstitusiyası hesab olunur. Konstitusiyada insan hüquq və azadlıqları ali dəyər kimi təsbit edilib və onların qorunması dövlətin əsas vəzifələrindən biri kimi müəyyənləşdirilib. Bununla yanaşı, müxtəlif qanunlar, dövlət proqramları və milli fəaliyyət planları da bu sahədə konkret mexanizmləri formalaşdırır.

İnsan hüquqları ifadə azadlığı, sosial təminat, gender bərabərliyi, uşaq hüquqları kimi geniş spektri əhatə edir və bu istiqamətlərin hər biri qanunvericiliklə qorunur. Eyni zamanda bu sahələrin davamlı inkişafı üçün dövlət proqramları vasitəsilə konkret addımlar atılır, xüsusilə həssas sosial qrupların müdafiəsi diqqət mərkəzində saxlanılır.

Digər mühüm istiqamət institusional mexanizmlərdir. Bu sahədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) xüsusi rol oynayır. Ombudsman vətəndaş müraciətlərini araşdırır, dövlət qurumlarının fəaliyyətinə nəzarət edir və hüquq pozuntularının aradan qaldırılması üçün tövsiyələr verir. Bununla yanaşı, məhkəmə sistemi və hüquq-mühafizə orqanları da hüquqların təminində əsas rol oynayır. Milli Məclisdə Ombudsmanın hesabatlarının müzakirəsi isə bu sahənin daim diqqətdə saxlanıldığını göstərir.

Üçüncü istiqamət beynəlxalq əməkdaşlıqdır. Azərbaycan Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq qurumlar qarşısında götürdüyü öhdəliklər çərçivəsində müxtəlif konvensiyalara qoşulub və mütəmadi hesabatlar təqdim edir. Bu da qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılmasına xidmət edir.

Dördüncü istiqamət vətəndaş cəmiyyəti ilə əməkdaşlıqdır. Qeyri-hökumət təşkilatları və ictimai institutlar insan hüquqlarının qorunmasında mühüm rol oynayır. Güclü vətəndaş cəmiyyəti ilə güclü hüquqi dövlət bir-birini tamamlayan anlayışlardır və bu balans hüquqların effektiv təmininə şərait yaradır.

Beşinci istiqamət isə maarifləndirmə və təhsildir. Bu sahədə həm dövlət qurumları, həm qeyri-hökumət təşkilatları, həm də beynəlxalq tərəfdaşlar tərəfindən geniş məlumatlandırma işləri aparılır. Hüquqi biliklərin artırılması cəmiyyətdə hüquqi təfəkkürün formalaşmasına və hüquqların daha effektiv qorunmasına xidmət edir".

Əlaqəli Xəbərlər