ÇSKA-da Fabio Çelestini dövrü başa çatdı
Fabio Çelestini ÇSKA-nın baş məşqçisi postunu tərk edib.
Operativ Media xəbər verir ki, bu haqda "Ordu klubu"nun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, klub və 50 yaşlı isveçrəli mütəxəssis arasındakı müqaviləyə tərəflərin qarşılıqlı razılığı əsasında xitam verilib.
Moskva komandasının baş məşqçisi vəzifəsinin icrası müvəqqəti olaraq Dmitri İqdisamova həvalə edilib. Çelestini ilə birlikdə məşqçilər heyətində yer alan Manel Ekposito, Xose Blesa, Xavyer Noyya, Qabriele Baqattini və Paolo Favaretto da ÇSKA-dan ayrılıblar.
"Qırmızı-göylər"in bəyanatında qazanılan Superkuboka, 2025-ci ildəki parlaq futbol və emosiyalara, eləcə də klubun yetirmələrinə göstərdiyi inama və onların inkişafına görə Fabio Çelestiniyə təşəkkür ifadə olunub.
Çelestini 2025-ci ilin yayından CSKA-ya rəhbərlik edirdi. Onun müqaviləsi daha bir mövsüm uzadılma variantı ilə iki il üçün nəzərdə tutulmuşdu. İsveçrəli mütəxəssisin rəhbərliyi altında çıxdığı ilk matçda Moskva təmsilçisi "Krasnodar"ı 1:0 hesabı ilə məğlub edərək Rusiya Superkubokunun sahibi olmuşdu.
Hazırda Rusiya çempionatının 2025/26 mövsümündə 28 oyundan sonra 45 xal toplayan CSKA turnir cədvəlində altıncı pillədə qərarlaşıb.