“Fənərbaxça” azarkeşlərinin komandada qalıb-qalmayacağı ilə maraqlandığı Arda Gülərin gələcəyinə qısa zamanda aydınlıq gələ bilər.
"Fənərbağça"da gələcəyi qeyri-müəyyən olan gənc ulduz Arda Gülərin transferində mühüm hadisə yaşanıb.
"Operativ Media" türk idman şərhçisi Yağız Sabuncuoğluna istinadən xəbər verir ki, İtaliya nəhəngi "Milan" gənc futbolçu ilə görüşmək üçün "Fənərbağça"dan yazılı icazə istəyib. "Milan"dan gələn bu maraq məktubu İtaliya komandasının bu transfer üçün favorit olduğuna dair şərhlər gətirdi.
Türkiyənin Uelə 2:0 hesabı ilə qalib gəldiyi AVRO 2024-ün seçmə mərhələsi matçında möhtəşəm qola imza atan Arda ay ulduzlu forma ilə rəsmi matçlarda qol vuran ən gənc futbolçu olub. "Milan" isə yarımmüdafiəçi Sandro Tonalini İngiltərə nəhəngi "Nyukasl Yunayted"ə təxminən 70 milyon avroya sataraq ciddi maliyyə gəliri əldə edib.
"Gənclərbirliyi" akademiyasında böyüyən və daha sonra "Fənərbağça" akademiyasına transfer olan Arda 2021-ci ildə A komandanın heyətinə daxil edilib. Müqaviləsində 17,5 milyon avroluq sərbəst qalma şərti olan gənc futbolçu bir neçə gün əvvəl "Fənərbağça"nın prezidenti Ali Koçla gələcəyi ilə bağlı görüşsə də, bu görüşdən dəqiq bir qərar verilməyib.






