"Ötən gün Türkiyədə baş verən zəlzələnin Azərbaycana təsir ehtimalı sıfırdır".
Bunu Operativ Media-ya açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib.
Onun sözlərinə görə, Azərbaycan ərazisində vəziyyət tam nəzarət altındadır və hazırkı zəlzələnin ölkəmizə hər hansı mənfi təsiri yoxdur:
“Zəlzələnin Azərbaycana təsir ehtimalı sıfırdır. Yəni konkret şəkildə heç bir təsiri ola bilməz. Çünki həm texnoloji qurğular, həm cihazlar quraşdırılıb. Orada tamamilə fərqli laylar, bir-biri ilə əlaqəli olmayan dərinlik qırılmaları müşahidə olunur. Buna görə də əsas etibarilə hər şey nəzarət altındadır.
Təsir ola bilərdi, əgər hadisə yaxın məsafədə baş versəydi. Yəni zəlzələnin episentri daha böyük silkələnməyə səbəb olsaydı və burada olan cihazları aktivləşdirsəydi. Amma artıq sübut olunub ki, Azərbaycanın heç bir bölgəsində bu hadisəyə birbaşa təsir göstərə biləcək ocaqlar yoxdur.
Qaldı ki, ölkəmizin seysmoloji zonalarında, seçilmiş müşahidə məntəqələrində elə bir aktiv sahə yoxdur ki, orada güclü, katastrofik zəlzələ ehtimalı olsun. Sadəcə, kiçik təkanlar var və onlar hər gün davam edir. Hətta elə günlər olur ki, gecə ərzində 17-yə qədər zəif təkan qeydə alınır.
Bunlar cihazlar tərəfindən izlənilir, lakin təhlükə yaratmır. Yəni narahat olmağa əsas yoxdur. Dediyim kimi, Azərbaycanın seysmik baxımdan fəal olan zonalarında belə 6 və ya 7 baldan yuxarı zəlzələ ehtimalı mümkün deyil”.






