"Yol hərəkəti təhlükəsizliyi üzrə dövlət proqramının bu il artıq 5-ci ili tamam olur. Təəssüf ki, proqramın icrasının çox cüzi bir hissəsi icra olunub və yollarda ölümlərin 30% azaltmaq hədəf qoyulmuşdursa, amma proqramın nəzərdə tutulmuş bəndləri icra olunmama səbəbindən ölüm halların artığını görürük"- bunu "Operativ Media"ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev deyib.
Ekspert xüsusilə son günlərdə eyni ərazilərdə baş verən piyadavurma hallarının səbəbinin infrastrukturun düzgün qurulmamasında olduğunu bildirib.
"Son aylarda verilmiş qərarlar küçə yol şəbəkəmizdə sürətin azaldılması qərarı verilir və cərimələr də artırılıb. Düşünürəm ki, bu qərarlar davamlı gəlməlidir. Fiziki olarak sürətli sürməmək üçün bəzi küçələrimizdə, yollarımızda sakitləşdirici həllərin tətbiqinə diqqət ayrılmalıdır. Standartlarımız dünya standartlarına uyğunlaşdırılmalı və dünyada yeni trend olan artıq 1997-ci ildən tətbiq olunan "ölüm hallarına sıfır dözümlülük" siyasəti yeridilməlidir. Xüsusən yaşayış məntəqələrində yolun həmən hissəsinə sakitləşdirən elementlər qoyulmalıdır. Süni maneələr yaşayış məntəqələrin girişində yaradılmalıdır. Əgər həmin hissədə imkan varsa, eyni səviyyəli keçidin təşkili və adacıqların təşkili qurmaq lazımdır".
Piyadların səkilərin və keçidlərin yaxınlığında daha çox vurulması hallarını Rauf Ağamirzəyev qurulan infrastrukturun müyəssər olmaması baryerlərin çox olması ilə əlaqələndirib.
"Bundan əlavə yaşayış məntəqələrinin həmin yol boyu səkiləri təftiş olunmalıdır. Ümumiyyətlə Bakı şəhərində səkilərimizin vəziyyəti çox bərbad haldadır. Standartlarımızın yenilənməsinə ehtiyac var. Bu mənada ki, tranzit zona anlayışı standartlarımıza tətbiq olunmalıdır. Səkinin müəyyən hissəsi yalnız insanların hərəkətdə olan hissəsi üçün nəzərdə tutulmalıdır. Biz bilirik ki, səkinin müəyyən sahəsində ağaclar əkilir, dirəklər quraşdırılır. Bunlar hamısı mövcud standartda 1.50 sm səkinin üzərində yerləşdirilir. Bu da insanların hərəkətinə məhdudiyyətlər yaradır. Müvafiq yeniliklər etmək lazımdır ki, əsas hədəf yollarımızda insanlarımız həlak olmasınlar".
Ekspertin fikrincə yaşayış məntəqələrinə yanaşma tam fərqli olmalıdır. Hansı ki, uğurlu həllərdən biri artıq həmin əraziyə yaxın yolda qurulub.
"Digər məqam sürətli yollarda üfüqi nişanlanmanın da müəyyən həlləri var ki, bu da sürəti azaldılmağa sürücünü psixoloji olaraq hazırlayır. Bakıda artıq bunun nümunəsi var. Zığ yolunda Naxçıvanski məktəbini keçəndən sonra üzü Baku Busa istiqamətində üfüqi zolaqlar çəkilib. Sürücü artıq onun üstündən keçəndə hiss edirki, eyni səviyyəli keçidə yaxınlaşır və sürətini azaldır. Düşünürəm ki, bu cür həlləri də tətbiq etmək vacibdir."
Rauf Ağamirzəyevin sözlərinə görə, İnsanlarımızda vərdişin formalaşması üçün infrastrukturun davamlılığı önəmlidir.
"Yəni əgər biz piyada səkilərindən danışırıqsa onun müəyyən hissəsi, müəyyən həllər tətbiq olub amma bir müddətdən sonra səki yox olursa, burda hər hansı bir vərdişdən və yaxud da mədəniyyətdən danışmaq yersiz olur. Piyada səkisi küçənin başlanğıcından sonuna kimi tam əhatə etməlidir. 300 metrdən bir eyni səviyyəli keçidlər təmin edilməlidir ki, piyadalar onlara ayrılmış yerdən keçə bilsinlər. Amma bu infrastrukturun müəyyən bir hissəsində qırılma baş verəndə bütün təhlükəsizlik sistemi pozulur. Mövcud infrastrukturda bunun bir hissəsi zəbt olunursa, demək buna qarşı da həllərin tətbiqinə ehtiyac var".