Acarıstan Polis Departamentinin əməkdaşları İnterpolun qırmızı bülleteni ilə axtarışda olan Türkiyə Respublikasının üç vətəndaşını saxlayıblar.
Operativ Media xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, saxlanılan 1998-ci il təvəllüdlü M.T, 1993-cü il təvəllüdlü O.U və 1975-ci il təvəllüdlü İ.Q adlı şəxslərdir. Onlar müxtəlif cinayət əməllərində ittiham olunurlar.
Türkiyə hüquq-mühafizə orqanlarının bildirdiyinə əsasən, M.T qəsdən adam öldürmə, O.U qarət və azadlığın qanunsuz məhdudlaşdırılması, İ.Q isə narkotik və ya psixotrop maddələrin satışa çıxarılması və ya paylanması ittihamı ilə İnterpol tərəfindən axtarılır.
Məlumata görə, həmin şəxslər Gürcüstan sərhədini hələ onlar barəsində axtarış elan edilməzdən əvvəl keçiblər.
Polis əməkdaşları aparılan əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində onların hamısını Batumidə, müxtəlif vaxtlarda saxlayıblar.
Hazırda saxlanılan şəxslərlə bağlı qanunla nəzərdə tutulmuş ekstradisiya prosedurları davam etdirilir.






