Azərbaycan Premyer Liqası təmsilçisi "Kəpəz" klubunda əvəzedici komandanın futbolçularının, sabiq baş məşqçi Tərlan Əhmədov və köməkçilərinin son aylarının maaşının ödənilməməsi ilə bağlı saytımıza məlumat daxil olub.
Məlumatı dəqiqləşdirmək üçün "Kəpəz" klubunun mətbuat xidmətinin rəhbəri Azad Mustafayev ilə əlaqə saxladıq.
"Operativ Media"ya danışan Azad Mustafayev deyilənlərə aydınlıq gətirib.
"Əsas komanda ilə bağlı heç bir futbolçuya və baş məşqçiyə borcumuz yoxdur. Bunu özləri ilə də dəqiqləşdirə bilərsiniz. Əvəzedici komandaya gəldikdə isə, bəli borcumuz var. Qısa müddət ərzində pullar ödəniləcək. Klubumuz müvafiq dövlət proqramları çərçivəsində həyata keçirilən maliyyə yardımı əsasında fəaliyyət göstərir və klubun heç bir sponsoru yoxdur".
Qeyd edək ki, yeni mövsümdən "Kəpəz" klubunu Azər Məmmədov çalışdırır.






