Tibbi tullantılar infeksiya yayma potensialı təhlükəli tullantılar səbəbindən xüsusi tələblərə tabe olmalıdır - Deputat

admin
Tibbi tullantılar infeksiya yayma potensialı təhlükəli tullantılar səbəbindən xüsusi tələblərə tabe olmalıdır - Deputat

Bu gün dinləməyə çıxarılan “tibbi tullantılar” mövzusu həm ictimaiyyətin, həm də səhiyyə və ekologiya mütəxəssislərinin diqqət mərkəzində olan önəmli məsələdir. Məlumat üçün bildirirəm ki, tibb müəssisələrindən əksər tullantı siniflərinə məxsus tullantılar hasil olunur. Bunlardan məişət tullantıları, radioaktiv tullantılar, təhlükəli kimyəvi tullantılar və tibbi tullantıları qeyd etmək olar. Bu gün müzakirəyə çıxarılan məsələ tibbi tullantılar ilə əlaqədardır. Bildiyiniz kimi, Tibbi tullantılar, tibbi xidmət və elmi tədqiqat işləri nəticəsində meydana gəlir. Tibbi tullantılar infeksiya yayma potensialı və bioloji olaraq təhlükəli tullantılar sinfinə aid olması səbəbindən xüsusi tələblərə tabe olmalıdırlar.

"Operativ Media"nın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsi tərəfindən keçirilən “Tibbi tullantıların idarə olunması” mövzusunda ictimai dinləmədə deputat deyib.

O qeyd edib ki, son dövrlərdə tibb müəssisələrində infeksiya nəzarət sisteminin təkmilləşdirilməsi, səhiyyə sisteminin inkişafı, əhalinin məlumatlılığının artması, səhiyyə xidmətinin keyfiyyətinin yüksəlməsi və birdəfəlik tibbi ləvazimatların tətbiqinin genişlənməsi nəticəsində əmələ gələn tibbi tullantıların həcmində böyük artım baş verib.

“Tibbi tullantılar, yalnız tibb müəssisələrində formalaşmır, həmçinin, stomatoloji kabinetlər, gözəllik mərkəzləri, akupunktura, qocalar evləri, körpələr evləri, apteklər, morqlar, zooparklar, baytarlıq poliklinikaları və laboratoriyaları kimi müəssisələrdə hasil olur.

Tibbi tullantılar vasitəsilə bir çox təhlükəli infeksiyalar, məsələn, Vərəm, Pnevmoniya, Meningit, HIV, Hepatit, və digər xəstəliklərin yayılması mümkündür. Həmçinin, düzgün zərərsizləşdirilmədən ətraf mühitə atılan tibbi tullantılar yeraltı su mənbələrinin çirklənməsi ilə nəticələnməklə infeksion xəstəliklərin artmasına, gələcək nəsillərdə genetik zədələnmələrə və digər problemlərə gətirib çıxara bilər.
Buna görə də tibbi tullantılar, əhalinin sağlamlığının qorunması və ətraf mühitin mühafizəsi üçün hasil olduqları andan məhv edilənə qədər təhlükəsiz idarəetmə sistemi tələb edir.

Milli Məclisin Səhiyyə komitəsinin 2023-cü ilin üçün iş planında tibbi tullantıların idarə olunması ilə bağlı dinləmələrin keçirilməsi nəzərdə tutulmuşdu. Bununla əlaqədar biz Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB eləcə də özəl sektorun nümayəndələrinin iştirakı ilə görüşlər keçirmişik. Bu görüşlər zamanı tibbi tullantıların idarə olunması ilə bağlı vəziyyət barədə məlumat verilmiş, Azərbaycandakı mövcud sistemin gücləndirilməsi isitqamətində atılmış addımlarla bağlı fikir mübadiləsi aparılmışdır.

Azərbaycanda tibbi tullantıların idarə olunması sahəsində uğurlu ölkə modellərinin araşdırılması, yeni və müasir yanaşmaların tətbiqi, prosesin idarə olunmasının və nəzarət mexanizminin təkmilləşdirilməsi məqsədi ilə ekologiya, səhiyyə, iqtisadi sahələrdə mövqelərin müdafiə olunması qarşıya qoyulan əsas məqsədlərdən biridir. Tibbi tullantıların idarə olunması sahəsində mövcud olan çatışmazlıqlar, qarşıya çıxan problemlərlə bağlı həm əlaqədar dövlət qurumları, həm də beynəlxalq təşkilatlar tərəfindən bir sıra araşdırmalar aparılmış və hesabatlar hazırlanmışdır.

Cari ilin mart ayında UNICEF-in Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü ilə respublikanın yeddi rayonunda tibbi tullantıların idarə olunmasının qiymətləndirilmə nəticələri müzakirə edilib. Bu gün bu proses Səhiyyə Nazirliyi tərəfindən daha geniş miqyasda davam etdirilir. Birgə təşəbbüs zəminində planlaşdırılan növbəti addımlar çərçivəsində qiymətləndirmənin nəticələri əsasında ölkədə tibbi tullantıların idarə olunması üçün fəaliyyət planının da təqdim olunması nəzərdə tutulur.

Tibbi tullantıların idarə olunması sisteminə kompleks yanaşsaq sistemin iki hissədən - tibb müüəssisələrində tullantıların düzgün toplanması, çeşidlənməsi, saxlanması və bundan sonra isə tibb müəssisəsindən kənar təhlükəsiz daşınması və zərərsizləşdirilməsi sistemlərindən ibarət olduğunu görərik. Birinci hissənin düzgün idarə olunmasına SN və TƏBİB tərəfindən, ikinci hissəsinin düzgün idarə olunmasına Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən nəzarət olunur. Tullantıların təhlükəsiz daşınması və zərərsizləşdirilməsi prosesində özəl sektorda fəaliyyət göstərən şirkətlər də iştirak edir.

Aparılan monitorinqlər göstərir ki, müalicə-profilaktika müəssisələrində və tibbi xidmət göstərən sahibkarlıq subyektlərində formalaşan tibbi tullantılar əksər hallarda keyfiyyətli zərərsizləşdirmə prosesinə məruz qalmır. Tibbi tullantıların bu müəssisələrin ərazisində qazılmış standartlara cavab verməyən quyularda yandırılması hallarına yaxın illərə qədər rast gəlinirdi. Tibbi tullantıların Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən bərk məişət tullantıları ilə birlikdə daşınması faktları da var.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2007-ci il tarixli 213 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi Tullantıların idarə olunmasına dair” Tələblərə əsasən təhlükəli və xüsusi təhlükəli tullantılar termik üsulla zərərsizləşdirən xüsusi qurğularda məhv edilməlidir. Lakin bu gün bəzi obyektiv səbəblərdən ümumilikdə tibbi tullantıların idarə olunması sahəsində müəyyən çətinliklər mövcuddur.

 

Tibbi tullantıların idarə olunması sahəsində, qurumlar arasında fəaliyyətin koordinasiyasiyasını təmin edəcək mexanizmin təkmilləşdirilməsi, vəzifə, öhdəlik və səlahiyyətlərin daha dəqiq müəyyən olunması, tibb müəssisələrində tibbi tullantıların yığımı, çeşidlənməsi, saxlanması, eyni zamanda zərərsizləşdirmə müəssisələrinin fəaliyyəti üzərində monitorinq və yoxlamanın gücləndirilməsinə ehtiyac var. Zərərsizləşdirmə müəssisələrinin sağlam rəqabət mühitində sayının artırılması, sahibkarlara bu sahəyə investisiya qoyduqları təqdirdə işin davamlılığına dəstək, tibbi personalın bilik və bacarıqlarının yüksəlməsi məsələsi diqqət mərkəzində olmalıdır.

Dövlət-Özəl tərəfdaşlığı haqqında qanunun tətbiqi bu sahədə şirkətlərin uğurlu fəaliyyəti üçün əlverişli şərait yaradır. Özəl şirkətlərin göstərdiyi xidmətlərin keyfiyyətinin qiymətləndirilmə nəticələrinə, həmin şirkətlərlə keçirilmiş görüşlərə əsaslanaraq deyə bilərəm ki, bu sahədə lisenziyalaşdırılmış sahibkarlıq subyektlərinin fəaliyyətinin yenidən qiymətləndirilməsi zərurəti yaranıb. Bu şirkətlərin tibbi tullantıların daşınması və düzgün zərərsizləşdirilməsi üçün imkan və bacarıqları, kadr potensialı, tibb müəssisələri ilə sağlam və nəzarət olunan əməkdaşlıq fəaliyyətinin monitorinqinə ehtiyac var. Tibbi tullantıların həcminin düzgün qiymətləndirilməsi və bu həcmin lisenziyalaşdırılmış şirkətlər vasitəsilə zərərsizləşdirilməsi prosesinə də nəzatər gücləndirilməlidir.

Qeyd etmək lazımdır ki, təklif olunan xidmət haqlarının “Təhlükəli tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 1 avqust 2014-cü il 3 nömrəli Qərarı ilə müəyyənləşdirilən tariflərdən yüksək olması məsələsinin həlli üçün çox önəmli addım atılmışdır. Belə ki, effektiv idarəetmənin təmin olunması üçün Tarif Şurasının qərarı ilə tibbi tullantılar üzrə tarif də digər təhlükəli tullantılar üzrə tarifə uyğunlaşdırılaraq, 10 dəfə artırılmış, 80 manat/kubmetr səviyyəsində müəyyənləşdirilmişdir.

Bu gün bütün qurumlar, o cümlədən Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB ölkəmizdə tibbi tullantıların keyfiyyətli idarə olunması sisteminin qurulmasında maraqlıdır. Artıq hər iki nazirlik tərəfindən Tibbi tullantıların idarə olunması işinin təkmilləşdirilməsi üzrə birgə işçi qrupu yaradılıb. Hesab edirəm ki, işçi qrupun fəaliyyəti mövcud problemlərin həllində çox mühüm rol oynayacaq. Milli Məclisin Səhiyyə komitəsi də aparılacaq monitorinqin nəticələrini diqqətlə izləyəcək. İnanırıq ki, müvafiq qurumların səyi nəticəsində görüləcək tədbirlər yaxın zamanda çətinliklərin aradan qaldırılması, ətraf mühitin mühafizəsi və vətəndaşların sağlamlığının qorunmasına töhfə verəcək.

Ümumilikdə Azərbaycanda tibbi tullantılarəın idarə olunması sahəsində normativ-hüquqi baza mövcuddur. Bununla belə, qurumlar arasında səlahiyyət və vəzifə bölgüsünün daha dəqiq və konkret müəyyən olunması baxımından “Tibbi Tullantıların idarə olunmasına dair” Tələblərin təkmilləşdirilməsi və müasir dövrün tələblərinə uyğunlaşdırılmasına ehtiyac var. Düşünürəm ki, işçi qrupun fəaliyyətinin əsas istiqamətlərindən biri də məhz bu tələblərin təkmilləşdirilməsi, daha işlək, çevik və praktik mexanizmlərin müəyyən olunması ilə bağlı təkliflərin hazırlanmasından ibarət ola bilər. Bildiyimə görə qeyd olunan bir sıra problemlərin həlli üçün SN tərəfindən müvafiq tənzimləyici sənəd hazırlanmış, rəy və təkliflərin öyrənilməsi üçün əlaqədar qurumlara təqdim olunmuşdur.

Bütün bunların nəticəsi onu deməyə imkan verir ki, tibbi tullantıların idarə olunması sistemi multisektoral yanaşma tələb etməklə, dayanıqlı inkişaf modelinin hazırlanmasını və buna müvafiq olaraq normativ-hüquqi sənədlərə yenidən baxılmasını labüd edir.

Bu gün Dünya ölkələrinin tibbi tullantıların idarə olunması siyasətinin müxtəlif parametrlərinə görə fərqləndiyi, ayrı-ayrılıqda heç birinin mükəmməl olmadığı, üstünlük və çatışmazlıqlara sahib olduğu görünür. Lakin ortaq nöqtə ətraf mühit üçün zərərsiz, daha az maliyyə mənbəyi tələb edən və daha asan idarəedilə bilən bir sistemin tətbiqidir.

Hazırda dünyada, xüsusən inkişaf etmiş ölkələrdə tətbiq edilməyə başlayan “yaşıl xəstəxana” yanaşması hədəflənmişdir. Qlobal istiləşmənin səbəb olduğu ətraf mühit çirklənmələrinin və sağlamlıq problemlərinin artmasının qarşısının alınmasında “yaşıl xəstəxana” modeli xüsusi əhəmiyyətə malikdir. Tibbi tullantıların düzgün idarə olunmasını da əhatə edən bu yanaşma günü-gündən aktuallaşır.

COP 29 iqlim dəyişmələri konfransının 2024-cü ildə Azərbaycanda keçirilməsi və bu çərçivədə yaşıl xəstəxana, tibbi tullantıların düzgün idarə olunması, insan sağlamlığı və ətraf mühitin qorunması məsələrinin müzakirə olunması ehtimalı mövzunun aktallığını və bu günki dinləmənin çox düzgün zamanda təşkil olunduğunu sübut edir.

Digər xəbərlər