Birləşmiş Ştatlar 2025-ci ilin dekabr ayının ortalarına qədər Bolqarıstan, Macarıstan və Slovakiyadakı hərbi qüvvələrinin sayını azaltmağı planlaşdırır.
Operativ Media xəbər verir ki, bu barədə Ukraynanın “Kyiv Post” nəşri NATO ölkələrindəki mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin məlumatına görə, ixtisar “mülayim” xarakter daşıyacaq. Şərqi Avropada Amerika qoşunlarının sayının azaldılması 2026-cı ildə də davam edə bilər. “Kyiv Post”un mənbələrinin bildirdiyinə görə, Vaşinqton hesab edir ki, Avropa orduları, xüsusilə NATO öhdəlikləri çərçivəsində artan hərbi xərclər fonunda, artıq öz müdafiəsini təmin etmək gücündədir.
Nəşr dəqiq olaraq ABŞ-nin Şərqi Avropa ölkələrindən nə qədər hərbçisini çıxaracağı və bölgədə nə qədər qüvvə saxlayacağı barədə məlumat vermir.
Bundan əvvəl Rumıniyanın Milli Müdafiə Nazirliyi ölkədəki Amerika kontingentinin sayının 1700-dən təxminən 1000-ə endiriləcəyini açıqlamışdı. Rumıniyanın müdafiə naziri İonuț Moşteanu bildirib ki, ABŞ Hind-Sakit okean regionuna daha çox diqqət yetirmək niyyətində olduğuna görə Avropadakı qoşunlarının sayını azaldır.






