“Dondurulmuş əti buzu açıldıqdan sonra istifadə etmək istədiyinizdə, təbii ki, ətdə müxtəlif keyfiyyət dəyişiklikləri baş verir”.
Bunu qida mütəxəssisi İsa Əliyev “Operativ Media”ya açıqlamasında deyib.

O qeyd edib ki, əgər ət qısa zaman ərzində istifadə edilməyəcəksə, mütləq şəkildə dondurucuda saxlanılmalıdır:
“Dondurucuda saxlanılan ətlər -20°C üstə saxlanılmalıdır ki, tərkibindəki mikroorqanizmlər inkişaf edə bilməsin. Hərçənd mənfi -18 °C-də belə mikroorqanizmlər çox cüzi və az şəkildə inkişaf edir, amma digər patojenik mikroorqanizmlər, demək olar ki, inkişaf edə bilmir. Bundan başqa, təzə ət daha dadlı olur və içərsisində daha çox su ehtiva edir. Ona görə də yeyərkən yumşaqlığını hiss etmək mümkündür. Dondurulmuş ətin isə içərisində yaranan buz kristalları ətin strukturunu pozur. Daha sonra onu bişirdikdə belə içərisindəki suyu çox saxlaya bilmir və çölə verir. Belə olan halda halda əvvəlki dadı olmur, keyfiyyəti də aşağı düşür”.
Ekspertin sözlərinə görə, dondurulmuş ətin tərkibindəki mikroorqanizmlər çoxalmayıbsa, hər hansı bir zərəri yoxdur:
“Lakin ətləri də yəni müəyyən vaxta qədər dondurucuda saxlamaq olar. Yağlı ətlər təqribən 2-4 ay dondurucuda saxlanıla bilər. Ancaq nisbətən yağsız ətlər və normal ətləri isə 6 ay saxlaya bilərsiniz. Bəzi qida mütəxəssisləri ətin 12 aya qədər dondurucuda saxlanıla biləcəyini də deyirlər. Amma 12 aya qədər saxladığınız ətin tərkibində olan müəyyən sporlar yavaş-yavaş inkişaf edə bilirlər”.
İ.Əliyev dondurulmuş ət ilə təzə ətin fərqliliklərindən də danışıb:
“Təzə ətin qırmızı, çəhrayı rəngi var və daha canlı görünür. Ancaq ətlər bir az donduqdan sonra onda bənövşəyi rəng əmələ gəlir. Əslində, bənövşəyi rəng də ətin korlandığını göstərmir. Yalnız əgər ətdə yapışqanlıq hiss olunursa, rəngi qaralıbsa, xüsusən qoxu gəlirsə, ətin xarab olduğunu demək olar və bu halda ondan istifadə edilməməlidir. Əsasən də, ətlərdən istifadə edərkən onu kontaminasiyadan qorumaq lazımdır. Xüsusən ətdə ən böyük problem salmonella bakteriyasının olmalıdır. Əgər ətə kontaminasiya olunursa və salmonella bakteriyası orada görülürsə, o zaman hətta onu bişirsəniz belə, zəhərlənməyə səbəb ola bilər. Bu səbəbdən əti istehlak edərkən doğru temperaturda saxlamalı, yaxşıca təmizləməli, kontaminasiyadan qorumalı və emal edərkən tam bişirməlisiniz”.






