“Son illərdə o qədər “Rent a Car” lar açılıb ki, bazarda müştəridən çox maşın var. Aya 2-3 müştəri tapsaq, sevinirik”.
Bunu “Operativ Media”ya açıqlamasında avtomobillərin günlük kirayəsi ilə məşğul olan Kənan Cavadov deyib.
Avtomobil icarəsi ilə məşğul olan şəxslər deyir ki, bazarın zəifləməsi qiymətlərə az təsir edib. Turistlərin az gəlməsi, beynəlxalq şirkətlərin Azərbaycan nümayəndəliyinin açılması müştəri tapmağı çətinləşdirir:
“Əvvəllər ərəb ölkələrindən gələn çox olurdu deyə, bu iş sərfəli idi. Elə olurdu ki, ay ərzində özümüz sürməyə belə boş maşın olmurdu. İndi isə hamı özünü “Rent a Car” hesab edir. “İnstagram”, “Tiktok”da günü 25 manata heç bir sənəd, depozit olmadan maşın verənlər var. Bakıda avtomobil kirayəsi ilə məşğul olan şirkətlərin əksəriyyəti də artıq beynəlxalq şirkətlərlə əməkdaşlığa başlayıb. Onların da hava limanında işçiləri olur. Turist hava limanından düşən kimi elə girişdə ona təklif edirlər, şəhərin içinə gəlib götürən də az olur. Bizdən əksər hallarda rayonlara getmək üçün alırlar”.
Kənan Cavadov deyir ki, əvvəllər “Rent a Car”ların konkret tələbləri var idi. 25 yaşdan aşağı şəxslərə maşın verilmirdi. Depozit isə mütləq idi. İndi isə demək olar ki, hər kəs avtomobil icarəyə götürüb idarə edə bilər.
“25 manatın varsa, gəl götür deyirlər. Depozit məbləği ona görə təyin edilir ki, baş verəcək hər hansısa qəzada o pul zərəri qarşılasın. Bizdə 50 manatdan ucuz maşın yoxdur. Çünki icarə haqqı, işçi maaşı, avtomobillərin xərcləri, kasko sığorta hamısı nəzərə alınıb. Sedanlar minimum 2 günlük olmaqla günlük 50 manatdan verilir. Biznes klasların günlük qiyməti 250 manatdır. Sport avtomobillər ilinə görə günlük qiymət 250-300 manatdır. Offroader avtomobillər 120 manatdan başlayır, amma ilinə görə dəyişir. 2015-ci ildən yuxarı olanlar günlük 650 manatdan başlayır. Minivanlar isə günlük 600 manatdır. Sürücü bizdən olarsa, günlük 150 manat da onun üçün ödəniş tələb olunur. Gün sayı çox olduqca qiymətdə endirim olur".
Daha çox turistlərin istifadə etdiyi “Rent a Car” şirkətlərinin təklif etdiyi qiymətlər isə belədir:
Hyundai Accent – 50 AZN
Kia Sportage – 70 AZN
Nissan Sunny 2022 - 80 AZN
Kia Optima - 80 AZN
Mitsubishi Pajero - 85 AZN
Mercedes-Benz E-class W213 - 250 AZN
Chevrolet Camaro - 300 AZN
BMW 530 – 350 AZN
Range Rover Vogue - 750 AZN
Lexus LX570 2020 – 750 AZN
Mercedes Benz V class VIP- 800 AZN






