Oktyabrın 27-də “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində həyata keçirilən “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı”nın 2025-ci il üzrə təqdimat mərasimi keçirilib.
Operativ Media xəbər verir ki, tədbir layihəyə yeni qoşulan, regionlar üzrə ən yüksək bal toplamış 93 tələbə qızla tanışlıq, eləcə də proqramın məqsəd və fəaliyyət istiqamətləri barədə məlumatlandırma üçün təşkil olunub.
Mərasimdə dövlət qurumlarının, özəl sektorun, ali təhsil müəssisələrinin və tərəfdaş təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb, ardınca “Gənc qızların təhsilinə dəstək” layihəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova layihənin ölkəmizdə qadınların təhsili və inkişafı istiqamətində atılan mühüm addımlardan biri olduğunu vurğulayıb. O qeyd edib ki, gənc qızların təhsilinə qoyulan sərmayə onların gələcəkdə cəmiyyətin sosial-iqtisadi inkişafında daha fəal iştirakına şərait yaradır. Bahar Muradova bildirib ki, qadınların təhsil imkanlarının genişləndirilməsi ölkənin gələcək rifahı və dayanıqlı inkişafı baxımından prioritet məsələdir.
Elm və təhsil naziri Emin Əmrullayev çıxışında qadınların təhsilinin cəmiyyətin inkişafını müəyyən edən əsas amillərdən biri olduğunu vurğulayıb. Nazir qeyd edib ki, qadınların rolu və inkişafı ilə təhsilin inkişafı arasında birbaşa əlaqə mövcuddur. Nazirin sözlərinə görə, qızların təhsilinə dəstək verilməsi yalnız fərdi inkişaf üçün deyil, həm də bütövlükdə cəmiyyətin tərəqqisi üçün böyük əhəmiyyət kəsb edir.
Emin Əmrullayev bildirib ki, Azərbaycanda ali təhsil alan gənc qızların sayı ildən-ilə artır və bu, təhsildə bərabər imkanların təmin edilməsinə yönəlmiş siyasətin nəticəsidir. Nazir vurğulayıb ki, uzunmüddətli perspektivdə bu təşəbbüslər cəmiyyətin sosial strukturunda müsbət dəyişikliklər yaradacaq, çünki bu gün ali təhsil alan qızlar gələcəkdə təhsilli və müasir düşüncəli analar kimi yeni nəsillərin formalaşmasına töhfə verəcəklər.
Elm və Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı şöbəsinin müdiri, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədr vəzifəsini müvəqqəti icra edən İlqar Bayramlı fondun qadınların təhsili istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verib, “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı”nın davamlı təşəbbüslər sırasında olduğunu vurğulayıb.
Təqaüdçülər adından çıxış edən Bakı Dövlət Universitetinin tələbəsi Duyğu Əsgərli göstərilən dəstəyə görə təşəkkürünü bildirərək bu proqramın onun kimi gənc qızlara yeni təhsil və inkişaf imkanları yaratdığını qeyd edib.
Təqaüdçülərin təltif edilməsi ilə davam edən mərasim bədii hissə ilə yekunlaşıb.
Qeyd edək ki, “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı” 2021-ci ildən etibarən həyata keçirilir və indiyədək 250-dən çox qız tələbənin təhsil və peşəkar inkişafına dəstək göstərilib. Layihə çərçivəsində regionlar üzrə ali məktəblərə yüksək balla qəbul olunmuş, aztəminatlı və həssas qruplardan olan qız tələbələrə dəstək təqdim edilir.
Şəkil Qalereyası









