19 Mart 2024, 11:00
İlaxır çərşənbənin hansı adət-ənənələri var?
İlaxır çərşənbənin hansı adət-ənənələri var? şəkil
İlaxır çərşənbənin hansı adət-ənənələri var?

Bu gün ölkəmizdə Novruzun sonuncu çərşənbəsi - Torpaq çərşənbəsi qeyd olunur.

Qədimdən bəri özünü qoruyan milli dəyərlərimizə görə, əvvəlki Su, Od, Yel çərşənbələri ilə müqayisədə bu çərşənbə xüsusi şəkildə keçirilir. İlaxır çərşənbənin özünəxas maraqlı və əyləncəli adət-ənənələri var.

Filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova "Operativ Media"ya açıqlamasında həmin mərasimlərdən danışıb.

O bildirib ki, İlaxır çərşənbə inancların yerinə yetiriləcəyi, ayinlərin və ritualların gerçəkləşəcəyi bir çərşənbədir:

"Bu gün insanlar evlərində təmizlik işləri görür, bir-biri ilə bayramlaşırlar, müxtəlif təamlar bişirib süfrəyə düzürlər. İnanca görə, süfrənin zəngin olması təzələnən ili də bolluq-bərəkət içində keçməsindən xəbər verir. Bayram süfrəsində bayram xonçası bəzənilir, səməni və bayram şamları mütləq olur. Deyilənə görə, insanların böyük əksəriyyəti Novruz bayramının çərşənbələrində, xüsusilə bugünkü sonuncu çərşənbədə səməni və xonça olmayan bir süfrəni Novruz süfrəsi hesab etmirlər.  Qədim insanların folklor yaddaşından günümüzə qədər süzülüb gələn bu çərşənbənin özünün də rəmzi mənası var. Torpaq çərşənbəsi bayramın bir astanasında yazın qışla mübarizə edib qələbə çalmasına simgələnir. Bayram əhval-ruhiyyəli bölgələrimizdə lopalarımız qalanır və göyün üzərinə atılır və bu da günəşin qaranlıq üzərindəki qələbəsinə işarə edir".

Folklorşünasın sözlərinə görə, bu çərşənbədə insanlar evlərinin qapılarını açıq qoyub müsbət auralı, hikmətli söhbətlər edirlər ki, niyyət edib qulaq falına çıxanlar xoş sözlər eşitsin və niyyətləri çin olsun:

"Ümumiyyətlə, sonuncu çərşənbədə qapılar həm də bayramlaşmağa gələnlər üçün açıq olur və onlar gəlib öz paylarını götürüb gedirlər. Novruz inanclarına görə, bütün evlərdə süfrəni sona qədər yığışdırmazlar, təkcə çörəyi götürərlər. Bunun da  mənası süfrənin bərəkəti, ruzisinin növbəti ilə də keçməsinə yozarlar. Torpaq çərşənbəsində özəlliklə  kənd yerlərində qara zurnanın sədası altında bayram ab-havasını əks etdirən cəngi havaları çalınardı və bununla da el-obanın dörd bir tərəfinəə səs yayardılar ki, artıq bayramın astanasındayıq. Novruz bayramının dördüncü çərşənbəsində "dan atma" mərhələsi də icra olunur. Bir çox bölgələrdə buna bəzən "çillə çıxartma" da deyirlər. Dan gecələrində insanlar sübh çağına qədər oyaq qalarlar. Hətta keçmiş zamanda aşıqlar gələr, nağıl və dastanlardan, ibrətamiz hekayələrdən və ustadnamələrdən danışardılar ki, insanlar yatmasınlar. Onların sübhü gözləməkdəki əsas məqsədləri odur ki, sübh çağı söyüdlər başını yerə əyir və su bir anlığına dayanır, kim bunu görürsə, arzularına istəklərinə çatır".

Sevinc İbrahimzadə

Son xəbərlər
Makron Pezeşkianla telefonla danışıb
Dəməşq terrorçusunun kimliyi açıqlanıb
Suriyada kilsədə partlayış olub
Qubada ağır qəza olub
İƏT ABŞ-nin İranın nüvə obyektlərinə hücumlarını pisləyib
Qərbi Azərbaycan İcması dəstəyə görə İƏT üzv dövlətlərinə təşəkkür edib
İran XİN: ABŞ bu müharibənin nəticələrinə görə məsuliyyət daşımalıdır
Fatih Altaylı həbs edilib