Ceyhun Nuriyev: "Bu mövsüm asan xal qazanmaq mümkün deyil"

Əziz Əzizli
Ceyhun Nuriyev: "Bu mövsüm asan xal qazanmaq mümkün deyil"

“100-cü oyunum mənim üçün xüsusi önəm daşımır”.

Bu sözləri Operativ Media-ya açıqlamasında “Zirə” klubunun və Azərbaycan millisinin futbolçusu Ceyhun Nuriyev bildirib.

O, Premyer Liqanın son turunda “Sumqayıt”a qarşı keçirdikləri oyun, şəxsi göstəriciləri və milli komandaya çağırılmaq ehtimalı barədə danışıb.

Nuriyev bildirib ki, “Sumqayıt”la görüş onlar üçün çətin keçib:

“Oyun bizim üçün ağır oldu. Yaxşı mübarizə hesabına 3 xal qazandıq. İkinci hissədə rəqib bizə çətinliklər yaratdı, müdafiədə çox boşluqlar verdik. Ancaq yaxşı müdafiə olunduq. 100-cü oyunumun olması müsbət statistikadır, lakin mənim üçün xüsusi önəm daşımır".

Futbolçu ötən mövsümlə müqayisədə daha az oyun keçirməsinin səbəblərinə də toxunub:

"Ola bilər, legioner limitinin ləğvi müəyyən təsir göstərib. Keçən illə müqayisə etməmişdim oyunlarımın sayını. Buna çox fikir vermirəm. Şansımı gözləyirəm və nə qədər oynayıramsa, o dəqiqələrdən maksimum yararlanmağa çalışıram".

Növbəti turda “Zirə”nin “Karvan”la qarşılaşacağını xatırladan futbolçu rəqibi dəyərləndirib:

“Karvan"ın son 7 oyunda 6 məğlubiyyətin olması bizi rahatlaşdırmır. “Karvan” son oyunda “Turan”a qarşı çox yaxşı mübarizə apardı. Səfərdə oynayacağımız üçün oyun daha da çətin olacaq. Öz oyunumuzu göstərə bilsək, bizim üçün yaxşı nəticə olacaq. Ağır oyun gözləyirəm".

Premyer Liqada komanda sayının 12-yə yüksəldilməsinə də münasibət bildirən Nuriyev, çempionatın səviyyəsinin artdığını vurğulayıb:

“Sadəcə rəqabət artıb. Əvvəl 9 ağır oyun vardısa, indi 11-dir. Hər komanda meydanda amansız mübarizə aparır. Asan xal qazanmaq mümkün deyil. Çempionat daha da çətinləşib".

Milli komanda ilə bağlı fikirlərini də bölüşən Ceyhun Nuriyev, qarşıdakı toplanışda yer almağa ümid etdiyini deyib:

“İnşallah, çağırılacağıma inanıram. Millidə oynadıqdan sonra cəmi bir oyun keçirmişəm və qarşıda daha iki oyun var. Onsuz da mütəmadi olaraq milliyə dəvət alan oyunçulardanam. Bu dəfə də dəvət alıb, oyunlarda şans qazanaraq milliyə kömək etmək istəyirəm" 

Digər xəbərlər