“Müəllimlərin işə qəbul imtahanından fərqli olaraq, buradakı suallar əksəriyyətinin olduqca asan olması ilə fərqlənir. Burada ibtidai sinif müəlliminin sait və samit səsləri bilməsi, tələffüz qaydalarına bələdçiliyi, nitq hissələrindən xəbərinin olub-olmaması kimi primitiv bacarıqları yoxlanılır. Təəssüf ki, bunları belə bilməyən minlərlə ibtidai sinif müəllimi var”.
Bunu “Operativ Media”ya açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib.
Ekspert deyir ki, təhsil müəssisələrində işləyən müəllimlər sertifikasiyadan kəsiləndə onlar üçün xüsusi təlimlər keçirilir və 1 ildən sonra ikinci dəfə şans verilir. Müəllimlərin işə qəbul imtahanından fərqli olaraq, buradakı suallar əksəriyyətinin olduqca asan olması ilə fərqlənir. Burada ibtidai sinif müəlliminin sait və samit səsləri bilməsi, tələffüz qaydalarına bələdçiliyi, nitq hissələrindən xəbərinin olub-olmaması kimi primitiv bacarıqları yoxlanılır. Təəssüf ki, bunları belə bilməyən minlərlə ibtidai sinif müəllimi var. Belə ki, təkrar sertifikasiyada 3424 ibtidai sinif müəllimi, 485 Azərbaycan dili və ədəbiyyat müəllimi müvafiq keçid balını, yəni 30 balı toplamayıb. Sözsüz ki, nazirlik insafla davranıb. Belə müəllimlərə dəfələrlə şans yaradılmasına baxmayaraq, onlar özlərini doğrulda bilmirlər. Daha doğrusu, bilik səviyyəsi buna imkan vermir. Nə etməli, o müəllimlər tutduqları vəzifədən azad edilməlidir və proses buna doğru gedir. Heç bir müəllimi işdən azad etmək fikrində olmayan nazirlik bir çox hallarda alternativ yollara əl atır”.
Rizvan Fikrətoğlunun sözlərinə görə, təkrar sertifikatlaşdırma imtahanında keçid balını toplamayan təhsilverənlərlərin işin təşkili, onların sosial statuslarının mərhələli şəkildə qiymətləndirilməsi və alternativ iş yeri ilə təmin olunmalarının araşdırılmasından ibarət komissiya təşkil edib. Yəni sosial vəziyyətinə görə iş yerini itirəcək müəllimlərə alternativ işlər təklif edilir.
“Məsələyə bir daha qayıdaq:
• Sertifikatlaşdırma müəllimlərin davamlı inkişafı prosesidir.
• Sertifikatlaşdırmadan keçən müəllimlər tədris prosesində daha üstün səriştə və bacarıq sərgiləyirlər
• Sertifikatlaşdırmadan keçən müəllimə valideyn daha çox inam bəsləyir
• Sertifikatlaşdırmada ən yüksək nəticə göstərmiş müəllimlər tərəfindən ödənişli əsaslarla mentor müəllim kimi məktəbdaxili metodiki xidmət həyata keçirilir, hazırda 45 məktəbdə sözügedən metodistlər fəaliyyət göstərir.
• Sertifikatlaşdırma diferensiallaşmış əməkhaqqı sisteminin tətbiqinə uyğun əməkhaqqı artımına və sosial rifahın yüksəlməsinə imkan yardır. Sertifikatlaşdırmadan keçmiş 31947 təhsilverənin vəzifə maaşına artım tətbiq olunub.
• Sertifikasiyanın əsas məqsədi yüksəkixtisaslı müəllimlərin tədris prosesinə cəlb olunması, eyni zamanda dərs saatlarının optimallaşdırılmasıdır”.
Ekspert deyir ki, 2023-cü ildə 743 sertifikatlaşdırmadan keçməyən müəllimin əmək müqaviləsi ləğv olunduqdan sonra yaranan 200-ə yaxın vakant yer “Müəllimlərin işə qəbulu üzrə müsabiqə”də iştirak edən namizədlərə təqdim edilib. Müsabiqə nəticəsində işə qəbul olunan yeni müəllimlərin orta imtahan nəticəsi 69,67 (100 baldan) baldır.
“Unudulmamalıdır ki, sertifikatlaşdırmanın məqsədi təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləməkdir. Sertifikatlaşdırma müəllimin öz üzərində davamlı işləməsi, nəticəsini yaxşılaşdırması üçün ciddi stimul yaradır. Onlar tədris sahəsində mövcud olan yeni müsbət təcrübələri mənimsəyir, öz ehtiyaclarına uyğun olaraq peşə bilikləri və bacarıqlarını artırmaq imkanlarından faydalanırlar. Bu isə, təhsilverənlər arasında özünüinkişafı stimullaşdıran münbit mühit yaradır. Ömür boyu öyrənmə mədəniyyətini formalaşdırır. Bütün bu faktorlar tədrisin keyfiyyətini artırır və şagird nəticələrinin yaxşılaşmasına səbəb olur. Sertifikatlaşdırma nəticəsində müəllimlərin peşəkarlıq səviyyəsi yoxlanılarkən onların təlim ehtiyacları müəyyən edilir. Həmçinin müəllim peşəkarlığının başlanğıc səviyyəsi müəyyən edilməklə sertifikatlaşdırma nəticələri əsasında müəllimlərin peşə standartlarının səviyyələri təsbit olunub. İlkin nəticələrə əsasən hazırlanmış ixtisasartırma proqramı üzrə 6 min nəfərə yaxın təhsilverən təlimlərə cəlb olunub. Təcrübə və müşahidələr göstərir ki, şagirdlərin məktəbə qəbulu prosesində valideynlər seçim zamanı qiymətləndirmə nəticəsi yüksək olan müəllimlərə üstünlük verirlər. Sertifikatlaşma həm də yaxşı müəllim olmanın təsdiqidir. Sertifikatlaşdırmanın nəticələri müəlllimlərin karyera inkişafı üçün vacib həlqədir. Ümumi təhsil müəssisələrinə direktorların seçimi prosesində müsahibə mərhələsində namizədlərin sertifikatlaşdırma nəticələrinə də baxılacaq. Eləcə də əldə edilmiş nəticələr, müəyyən meyarlar nəzərə alınmaqla, müəllimlərə fəxri adların, dövlət mükafatlarının verilməsində fəal şəkildə istifadə olunacaq”.
2024-cü ildə sertifikatlaşdırma prosesinə ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, rus dili və ədəbiyyatı (rus bölməsi), fransız dili və s.) üzrə fənləri tədris edən təhsilverənlər cəlb olunacaq. Sertifikatlaşdırmaya ibtidai sinif müəllimləri ilə start verildi, proses Azərbaycan dili və ədəbiyyatı müəllimləri ilə davam etdi. Sırada riyaziyyat və xarici dil müəllimləri var. Hər il prosesə cəlb olunacaq fənlər əvvəlcədən elan olunur. Prosesə cəlb olunacaq fənlərin seçilməsinə Sertifikatlaşdırma Şurası tərəfindən qərar verilir. Seçim isə ilk növbədə fənlərin öyrənmədə roluna, əhəmiyyətinə görə aparılır. Təbii ki, ibtidai sinif müəllimləri təməl bacarıqları formalaşdırdıqları üçün sertifikatlaşdırmaya ilk onlar cəlb olundular. Tədris dili, riyaziyyat, xarici dil bacarıqları digər fənlərdə səriştəliliyi formalaşdırdığı, baza rolunu oynadığı üçün bu il də həmin fənn müəllimlərinin sertifikatlaşdırmaya cəlb olunacağı nəzərdə tutulub.
“Bu il riyaziyyat və xarici dil - ingilis dili, rus dili, alman dili, fransız dili, həmçinin rus bölməsində Azərbaycan dili, rus dili və ədəbiyyatı və s. fənləri tədris edən, pedaqoji stajı 3 il olan müəllimlər imtahan verəcəklər. Onlar üçün iyunun 21-i, 22-si və 24-ündə imtahan təşkil olunacaq və imtahan yeri, vaxtı barədə artıq mayın 15-dən məlumatlandırılıblar. Sertifikatlaşdırmada uğur qazanan müəllimlərə elektron formada sertifikatlar təqdim ediləcək. Bundan başqa, üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Ötən il prosesdə uğur qazana bilməyən müəllimlər cari ilin 8 iyun tarixində təkrar sertifikatlaşdırmaya cəlb olunublar. 2022-ci ildə təşkil olunmuş prosesdə uğur qazana bilməyən təhsilverənlər üçün 57 təlim mərkəzi yaradılmış, 48 akademik saatlıq təlimlər həyata keçirilib. Bu təlimlərdə ümumilikdə 2380 təhsilverən iştirak edib. Təlimlərdə iştirak edən müəllimlərin 80 faizi təkrar sertifikatlaşdırmada uğur qazanıb. 2023-cü ildə təşkil olunmuş sertifikatlaşdırmada uğur qazana bilməyən 493 nəfər Azərbaycan dili və ədəbiyyat, 5495 nəfər ibtidai sinif üzrə təhsilverən bu il təlimlərə cəlb olunub. “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın strateji hədəflərindən biri olan “Təhsilverənlərin sertifikatlaşdırılması prosesi” davamlı olaraq müəllim hazırlığının inkişafı və onların səriştəsinin artırılması istiqamətində mühüm yer tutur. Təhsil siyasətində sertifikatlaşdırmanın əhatə dairəsinin genişləndirilməsi və digər təhsil pillələrində də tətbiqi planlaşdırılır”.






