Bəzi istehsalçılar öz məhsullarını brend markaların adında cüzi dəyişiklik edərək satışa çıxarırlar. Əksər rast gəlinən bir hərf dəyişikliyi, yaxud şəklin tərs çap olunması kimi məsələlərdə diqqətsiz davranan istehlakçı isə bu zaman aldanmış olur.
Maraqlıdır, brend məhsuldan bir hərflə fərqlənən bu cür məhsullar nə vaxtsa qadağan edilə bilər?
Bu barədə biznes üzrə məsləhətçi, marketoloq Səfər Aslanov "Operativ Media"ya bildirib ki, məşhur brendlərin adı altında müxtəlif istehsal proseslərinə bəzən həmin brend markanın özü icazə verir:
“Brend markaların adından istehsal proseslərinin bir qismi tam rəsmidir. Bu iki şəkildə həyata keçirilir. Birincisi, brend marka özü icazə verir ki, onun lisenziyası əsasında ərazidə bu və ya digər məhsulları istehsal edəsiniz. Burada bir maraq bölgüsü olur. Digər prosesdə isə həmin brendin özünün başqa bir ölkənin ərazisində istehsal müəssisəsi olur və oradan dünyanın digər ölkələrinə satışı həyata keçirir. Məsələn, Amerika markalarının böyük əksəriyyətinin Şərqi Asiya ölkələrində böyük zavodları var, yaxud avtomobil şirkətlərinin postsovet məkanında bir neçə ölkədə böyük zavodları var”.
Ekspert qeyd edib ki, brendin xəbəri olmadan həyata keçirilən istehsal prosesi isə müəllif hüquqlarının kobud şəkildə pozulmasıdır:
“İstehsal prosesi qeyri-qanuni şəkildə aparıldığı zaman isə qanunvericilikdə nəzərdə tutulan müəyyən müddəalar tətbiq olunur. Bunun üçün brend özü “brend protection” anlayışından istifadə edərək, adını qorumaq naminə müəyyən ilkin addımlar atmalıdır. Əks halda bu, həm müəllif hüquqları, rəqabət haqqında tələblərin pozulmasıdır, həm də brendin reputasiyası ilə bağlı yaratdığı imicin zədələnməsidir. Bu baxımdan onlar özləri ilkin təşəbbüs göstərməlidirlər ki, loqolarından istifadə edilərək aşağı keyfiyyətli və ya keyfiyyəti çox yaxın olan məhsullar istehsal edilməsin ki, bazardakı qiymət siyasətini saxta istehsalçılar deyil, real sahibkarlar tənzimləsin”.
Sevinc İbrahimzadə






