Tunellərin su ilə dolmasının səbəbi nədir?
Oktyabrın 22-də gecə saatlarında aramsız yağan yağış Bakının bir sıra yollarında habelə tunellərində xoşagəlməz hallara səbəb olub. Bir sıra tunellər su ilə dolub. Avtomobillər çıxılmaz vəziyyətdə qalıb.
Bəs tunellərin bu şəkildə su ilə dolmasının səbəbi nədir?
Məsələ ilə bağlı nəqliyyat eksperti Ərşad Hüseynov "Operativ Media”ya açıqlama verib.
Problemin aktual olduğunu bildirən, ekspert səbəblərə aydınlıq gətirib:
“Bu məsələ hazırda çox aktual mövzudur. Bakıda dünən bəzi yerlərdə vəziyyət hətta böhran həddinə çatmışdı. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı və digər məsul şəxslər toplantı da keçirib. Bildirildi ki, dünyanın hər yerində belə problemlər baş verir. Bəli, bu problemlə rastlaşan bir çox ölkə var. Amma Budapeştdə şəhərin ortasından dünyanın ən nəhəng çayı keçir. Lakin bu kimi problemlə qarşılaşmır.
Bakıda nəyinki çay, quru çay yatağı da yoxdur. Bakı yağıntıların az olduğu yerdir. Bəs niyə biz xoşagəlməz mənzərələrin şahidi oluruq? Bunun bir çox səbəbi var.
Birinci səbəb ondan ibarətdir ki, şəhərin tikintisi və abadlaşdırma işləri ilə məşğul olan şəxslər unudublar ki, yağış da yağa bilər. Tunellər tikilərkən yağış nəzərə alınmalıdır. Yağıntı zamanı o sular idarə olunmalıdır.
Təbiət hadisələrinin o cümlədən yağıntının idarə olunması ilə bağlı ilk növbədə sistem qurulmalıdır. Hazırda ölkəmizdə elə bir sistem yoxdur.
Şəhərin mərkəzində olan yeni binalar inşa olduğu zaman, yağış sularının axa biləcəyi əraziləri, sistemi məhv ediblər. Yeraltı şəbəkələrin də istismar müddəti var. Onlar da artıq bitmək üzrə idi. Buna görə da tunellərdə sular toplanır. Və heç yerə axıb gedə bilmir”.
Ekspert ikinci səbəb kimi paytaxtın bir çox ərazisinin asfalt və ya daş örtüklə bağlı olmasında görür:
“Dünyanın böyük şəhərlərində artıq səkilərdə, parklarda elə materiallardan istifadə edilir ki, yağış suyu həmin materialın altına keçir. Beləliklə küçə təmiz qalır. Vətəndaşın ayağına su bulaşmır.
Bu üsulla suyun bir hissəsi qrunt suyuna keçir. Qrunta keçməli olan suyun qarşısını lazımsız yerlərdə də alanda, yağıntı sel halında küçələrdə, tunellərdə toplaşır. Bakı hazırda bu problemlə üzləşir. Bakıda həddən artıq tikinti sahələri var. Təsəvvür edin ki, əvvəl müəyyən bir ərazidə yaşıllıq sahə var idi, yağış yağırdı və su torpağa və ya qrunta hopurdu. Amma indi həmin ərazidə bina tikiblər.
Su kanalizasiyaya və ya küçəyə axır. Kanalizasiya sistemi də bir müddətdən sonra onu götürmür. Eyni zamanda ölkədə çoxlu sayda park var. Bu çox müsbət haldır. Lakin bu parklara ya daş döşəyiblər, ya da asfaltla örtüblər. Parkda torpaq sahəsi qalmayıb. Yəni Bakıda yağış sularının torpağa keçə biləcəyi sahələr həddən artıq azdır. Hər yer daş və asfaltdır. Yağış suyu da asfalta, dərin olan yerlərdə və ya tunellərdə toplaşır. Bu da vəziyyəti pisləşdirir”.
Qeyd edək ki, sinoptiklərin 22 oktyabr saat 9:00-a olan məlumatına görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında: Binədə 86 mm (aylıq normanın 306 %-i), Maştağada 60 mm (aylıq normanın 150%-i), Pirallahıda 47 mm (aylıq normanın 197%-i), Çilov adasında 37 mm (aylıq normanın 159%-i), Bakıda 32 mm ( aylıq normanın 114%-i), Sumqayıtda 14 mm (aylıq normanın 52%-i) təşkil edir.