Avtomobildə yanacaq sərfiyyatını necə azaltmaq olar?
"Avtomobilin yanacaq sərfiyyatını azaltmaq üçün bir neçə vacib məqama diqqət yetirmək lazımdır. İlk növbədə, avtomobil istehsalçısının tövsiyə etdiyi yanacaqdan istifadə olunmalıdır. Əgər mühərrik 92 oktan yanacaq üçün nəzərdə tutulubsa, daha aşağı və ya uyğun olmayan yanacağın istifadəsi sərfiyyatı artıra və mühərrikin işinə mənfi təsir göstərə bilər. Eyni şəkildə, əgər avtomobil premium yanacaq tələb edirsə, aşağı oktanlı yanacaqdan istifadə etmək düzgün deyil".
Bu sözləri Operativ Media-ya açıqlamasında avtomobil ustasi Sahil Ağabəyli deyib.
O bildirib ki, bundan başqa, texniki baxım da çox önəmlidir:
"Şamlar vaxtında dəyişdirilməlidir. Əgər onlar 30 min kilometrdən çox istifadə olunubsa, bu, yanacaq sərfiyyatının artmasına səbəb ola bilər. Yanacaq sistemindəki injektorların çirklənməsi də sərfiyyatı yüksəldən əsas amillərdəndir.
Təkərlərin havasının az olması da avtomobilin daha çox yanacaq sərf etməsinə gətirib çıxarır. Ona görə təkər təzyiqi mütəmadi yoxlanılmalıdır.
Sürüş tərzi də çox önəmlidir. Mühərriki yüksək dövrlərdə, xüsusilə 2000–2500 rpm-dən yuxarı tez-tez işlətmək yanacaq sərfiyyatını artırır. Eyni zamanda kəskin sürətlənmə, “iti sürmə” və aqressiv idarəetmə də əlavə yanacaq itkisinə səbəb olur.
Avtomobildə artıq sərnişin və ağır yük daşımaq da sərfiyyatı artıran faktorlardandır.
Ümumilikdə, yanacaq sərfiyyatını azaltmaq üçün həm düzgün yanacaq seçimi, həm texniki baxım, həm də sakit və qənaətcil sürüş üslubu əsas rol oynayır”.