Menyu

Əmək bazarında gender balansının iqtisadi və hüquqi aspektləri - TƏHLİL

Ayşən Sadıxzadə
Əmək bazarında gender balansının iqtisadi və hüquqi aspektləri - TƏHLİL

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Əmək Məcəlləsində və "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" qanunda dəyişikliyi imzalayıb.

Dəyişikliyə əsasən, işəgötürən eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqının verilməsini təmin etməli olacaq.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, deputat Jalə Əliyeva Operativ Media-ya bildirib ki, bu qanun ölkədə sosial ədalətin və müasir inkişaf modelinin gücləndirilməsi istiqamətində mühüm və təqdirəlayiq addımdır:

"Bu qərar yalnız hüquqi dəyişiklik deyil, eyni zamanda cəmiyyətin daha inklüziv və bərabər əsaslar üzərində qurulmasına yönəlmiş strateji yanaşmanın göstəricisidir. Bu qanunun qəbulundan sonra dövlətin qarşısında duran əsas vəzifə onun effektiv icrasını təmin etməkdir.

Bu baxımdan, əmək bazarında şəffaflığın artırılması, işəgötürənlər üçün aydın hesabatlılıq mexanizmlərinin tətbiqi və gender bərabərliyinə nəzarət edən institusional qurumların fəaliyyətinin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu cür addımlar qanunun real nəticələr verməsinə zəmin yaradacaq.

Eyni zamanda, qadınların əmək bazarında daha fəal iştirakını təmin edən sosial təşəbbüslərin genişləndirilməsi də diqqət mərkəzindədir. Uşaq baxımı xidmətlərinin inkişafı, çevik iş imkanlarının təşviqi və qadınların müxtəlif sahələrdə, xüsusilə də yüksək ixtisas tələb edən peşələrdə təmsilçiliyinin artırılması bu istiqamətdə mühüm rol oynayacaq.

Maarifləndirmə tədbirləri də bu prosesin ayrılmaz hissəsidir. Cəmiyyətdə gender bərabərliyi dəyərlərinin təşviqi, stereotiplərin aradan qaldırılması və gənc nəslin bu ruhda yetişdirilməsi uzunmüddətli perspektivdə daha balanslı və ədalətli əmək bazarının formalaşmasına töhfə verəcək.

Bununla yanaşı, dövlət və özəl sektorda qadınların rəhbər vəzifələrdə təmsilçiliyinin artırılması da müsbət dinamikanı gücləndirən amillərdəndir. Bu, yalnız maaş bərabərliyini deyil, ümumilikdə qərarvermə prosesində balansın təmin olunmasını şərtləndirir.

Nəticə etibarilə, qəbul olunan bu qanun Azərbaycanın sosial siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Ardınca həyata keçiriləcək kompleks tədbirlər isə ölkədə gender bərabərliyinin daha da möhkəmlənməsinə və davamlı inkişafın təmin olunmasına xidmət edəcək”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, deputat Elşad Musayev isə bildirib ki, bu məsələ Azərbaycan əmək qanunvericiliyində artıq əvvəlcədən öz əksini tapıb:


“Belə ki, Əmək Məcəlləsinin 16-cı maddəsində əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi açıq şəkildə təsbit olunub. Yəni kişi və qadınlar arasında əmək hüquqları baxımından hər hansı fərq qoyulması qanunla qadağandır.

Eyni zamanda, Azərbaycan Beynəlxalq Əmək Təşkilatı-nın konvensiyalarına qoşulub və bu çərçivədə gender bərabərliyi, o cümlədən əmək münasibətlərində bərabər imkanların təmin olunması istiqamətində müəyyən öhdəliklər götürüb. Bu konvensiyalar da eyni işi görən kişi və qadınların bərabər əməkhaqqı almasını əsas prinsip kimi müəyyən edir.

Praktikaya gəldikdə isə, müxtəlif ölkələrdə orta aylıq əməkhaqqı səviyyələri fərqlidir. Azərbaycanda qadınların orta aylıq əməkhaqqı kişilərlə müqayisədə təxminən 60–70 faiz təşkil edir. Bu isə təxminən 28–32 faiz fərq deməkdir. Dünya üzrə bu fərq orta hesabla 20 faiz civarındadır, Skandinaviya ölkələrində isə təxminən 10 faiz səviyyəsindədir.

Bu baxımdan, Azərbaycan bəzi göstəricilərdə dünya ortalamasından geri qalmır, bəzi hallarda isə müəyyən ölkələri qabaqlayır. İnkişaf etmiş ölkələrdə belə bu fərq adətən 20–25 faiz civarında dəyişir.

Nəticə etibarilə, eyni işi görən kişi və qadınların eyni əməkhaqqı alması prinsipi artıq həm milli qanunvericilikdə, həm də beynəlxalq öhdəliklərdə təsbit olunub. Son dəyişikliklər isə daha çox bu mexanizmlərin gücləndirilməsinə və tətbiqinin təkmilləşdirilməsinə xidmət edir”.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, deputat Günay Ağamalının sözlərinə görə, gender, ailə və demoqrafiya məsələləri cəmiyyətin gələcəyini müəyyən edən əsas istiqamətlərdəndir:

"Bu sahədə həyata keçirilən dövlət siyasətinin məqsədi hüquqi bərabərliyi təmin, eyni zamanda sağlam və sosial baxımdan dayanıqlı cəmiyyət formalaşdırmaqdır.

Möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətdə qadınların cəmiyyətdə rolunun gücləndirilməsi, ailə institutunun qorunması və sosial ədalətin təmin olunması xüsusi yer tutur. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın humanitar və sosial təşəbbüsləri bu istiqamətdə mühüm nəticələr verir. Dövlətin həyata keçirdiyi siyasət göstərir ki, Azərbaycanda ailə dəyərlərinin qorunması və qadın hüquqlarının müdafiəsi strateji prioritetdir.

Milli Məclisdə kişi və qadınlara eyni əməyə görə bərabər əməkhaqqının verilməsi ilə bağlı qanunun qəbul olunması mühüm addımdır. Sözügedən qərar qadın əməyinə verilən dəyərin göstəricisi olmaqla yanaşı, sosial ədalət prinsipinin gücləndirilməsinə xidmət edir. Azərbaycan qadını tarix boyu cəmiyyətin inkişafında mühüm rol oynayıb. Bu gün də qadınlarımız dövlət idarəçiliyində, təhsildə, səhiyyədə, sahibkarlıqda və digər sahələrdə fəal iştirak edir.

Eyni zamanda ailə institutunun qorunması və demoqrafik inkişaf məsələləri də xüsusi əhəmiyyət daşıyır. Güclü dövlətin təməlində sağlam ailə dayanır. Dövlət tərəfindən ailələrin sosial müdafiəsinin gücləndirilməsi, qadın və uşaqların hüquqlarının qorunması, gənc ailələrə dəstək mexanizmlərinin genişləndirilməsi bu istiqamətdə həyata keçirilən siyasətin əsas prioritetlərindəndir.

Bu gün gender bərabərliyi anlayışı milli-mənəvi dəyərlərlə uzlaşdırılmış şəkildə inkişaf etdirilir. Azərbaycan cəmiyyəti üçün əsas məsələ ailə dəyərlərinin qorunması, qarşılıqlı hörmətin və sosial ədalətin təmin olunmasıdır. Qəbul edilən qanunlar da məhz bu məqsədə xidmət edir".


Əlaqəli Xəbərlər