İran DÇ-2026 ilə bağlı FIFA qarşısında təhlükəsizlik tələbi irəli sürdü
İran Futbol Federasiyasının prezidenti Mehdi Tac yığmanın ABŞ-də keçiriləcək dünya çempionatında təhlükəsizliyi ilə bağlı məsələləri müzakirə etmək üçün yaxın vaxtlarda FIFA prezidenti Canni İnfantino ilə görüşəcək.
Operativ Media xəbər verir ki, federasiya rəhbəri bu barədə ölkəsinin IRIB televiziyasına açıqlama verib.
Bildirilir ki, Tehran turnirdə iştirakla bağlı mövqeyini FIFA rəhbərliyinə çatdıracaq.
Bundan əvvəl İnfantino FIFA Konqresində çıxışı zamanı İran millisinin dünya çempionatında iştirak edəcəyini açıqlamışdı.
"Gözləntilərimizi FIFA-ya çatdıracağıq. Onlar bu tələbləri yerinə yetirə bilsələr, biz mütləq iştirak edəcəyik. Lakin bu məsələlərin həll olunacağına dair heç bir təminat yoxdursa, heç kimin bizi və ya sistemimizin əsaslarını təhqir etməyə haqqı yoxdur. Hörmətsizlik davam edərsə, fərqli qərar qəbul edə bilərik", - deyə Tac vurğulayıb.
Xatırladaq ki, bu il iyunun 11-dən iyulun 19-dək keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq.