Kurikulum sistemi: Müasir təhsilin üstünlükləri və çətinlikləri - TƏHLİL
Müasir dünya sürətlə dəyişir və bu dəyişikliklərin mərkəzində dayanan ən mühüm sahə təhsildir. Azərbaycan təhsil sisteminin əsas sütununa çevrilən kurikulum islahatı artıq sadəcə bir metodologiya deyil, gələcək nəslin formalaşma strategiyasıdır.
Bəs bu sistem praktikada özünü doğruldurmu?
Operativ Media xəbər verir ki, Milli Məclisin elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədovun sözlərinə görə, bu gün kurikulum sistemi Azərbaycan təhsilində tətbiq olunan əsas təhsil modellərindən biridir. Hazırda təhsil sistemimizdə istifadə olunan metod və yanaşmalar məhz bu sistem üzərində qurulub. Kurikulumun əsas məqsədi yalnız nəzəri bilik vermək deyil, eyni zamanda şagirdlərin bacarıq və səriştələrinin formalaşdırılmasıdır.
O bildirib ki, bu sistem çərçivəsində xüsusilə şagirdlərin qiymətləndirilməsi məsələsinə diqqət yetirilir. Məqsəd gənclərin savadlı, bilikli və müasir dünyanın tələblərinə uyğun şəkildə yetişdirilməsidir. Təhsil prosesində əsas prioritet şagirdlərin potensialını üzə çıxarmaq, onların inkişafına dəstək olmaq və gələcək həyat üçün hazırlıqlı formalaşmasını təmin etməkdir:
“Əlbəttə, gələcəkdə müəyyən dəyişikliklər və yeniliklər də ola bilər. Çünki təhsil daim inkişaf edən və yenilənən bir sahədir. Əvvəlki təhsil sistemləri ilə müqayisədə bugünkü yanaşmalar daha çox şagirdyönümlü və praktik nəticələrə hesablanıb.
Eyni zamanda gənclərin dünyagörüşünün zənginləşdirilməsi, vətəndaşlıq məsuliyyətinin artırılması və onların sağlam düşüncəli şəxsiyyət kimi formalaşdırılması istiqamətində də mühüm işlər həyata keçirilir. Bu prosesdə əsas məqsəd gənclərin inkişafına dəstək olmaq, onların bilik və bacarıqlarını daha da gücləndirməkdir.
Biz bütün fəaliyyətimizi məhz bu istiqamətdə qurmalı, təhsilin keyfiyyətinin artırılması məsələsinə həssaslıq və məsuliyyətlə yanaşmalıyıq. Çünki güclü və savadlı gənclik cəmiyyətin gələcəyidir”.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Elnarə Akimova isə qeyd edib ki, kurikulum sistemi müasir təhsilin texniki yeniliyi ilə yanaşı, həm də düşüncə tərzinin dəyişməsidir:
"Bu yanaşma şagirdi passiv dinləyici yox, aktiv iştirakçı kimi görür; müəllimi isə bilik ötürən deyil, istiqamət verən bir bələdçiyə çevirir. Dünya təcrübəsinə baxdıqda Finlandiyadan Sinqapura qədər kurikulumun əsas gücü onun çevikliyində və insan mərkəzli olmasında görünür. Burada əsas məsələ “nə qədər bilmək” deyil, “necə düşünmək” və “öyrəndiyini necə tətbiq etmək”dir.
Kurikulum sisteminin ən böyük üstünlüyü şagirdlərdə tənqidi düşüncə, problem həll etmə və yaradıcılıq bacarıqlarını inkişaf etdirməsidir. Müasir dünya artıq əzbərçiliyi deyil, analizi tələb edir. Bu sistem şagirdi həyata hazırlayır: o, sual verməyi öyrənir, müzakirə edir, səhv etməkdən qorxmur. Bu isə cəmiyyət üçün daha azad, daha məsuliyyətli və daha təşəbbüskar fərdlər deməkdir.
Lakin hər yenilik kimi kurikulum da çətinliksiz deyil. Ən böyük problemlərdən biri onun düzgün tətbiq olunmamasıdır. Kağız üzərində mükəmməl görünən proqram, praktikada bəzən formal xarakter alır.
Müəllim hazırlığının yetərsizliyi, resurs çatışmazlığı və köhnə düşüncə tərzinin qalması bu sistemin effektivliyini azalda bilər. Çünki kurikulum sadəcə proqram deyil o, mədəniyyət dəyişikliyidir. Bu dəyişiklik isə zaman, səbr və ardıcıl dəstək tələb edir.
Digər tərəfdən, qiymətləndirmə məsələsi də mübahisəlidir. Ənənəvi testlər hələ də üstünlük təşkil etdikdə, kurikulumun fəlsəfəsi ilə reallıq arasında ziddiyyət yaranır. Şagird yaradıcı düşünməyə təşviq olunur, amma nəticədə standart cavablar tələb olunur. Bu isə sistemin ruhuna zərbə vurur.
Bütün bunlara baxmayaraq, kurikulum müasir təhsilin qaçılmaz yoludur. Dünya sürətlə dəyişir və təhsil bu dəyişiklikdən geri qala bilməz. Əsas məsələ bu sistemi kor-koranə deyil, düşünülmüş və uyğunlaşdırılmış şəkildə tətbiq etməkdir. Əgər biz doğrudan da gələcəyin insanını yetişdirmək istəyiriksə, kurikulumu yaşatmalıyıq”.
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov isə bildirib ki, müasir kurikulum sistemi təhsili sadəcə bilik ötürülməsi prosesindən çıxararaq, şagirdlərin bacarıq, dəyər və səriştələr qazanmasına yönəlmiş konseptual yanaşmadır:
"Bu sistem həm akademik inkişafı, həm də peşəkar həyata hazırlığı özündə birləşdirir. Kurikulum sisteminin ənənəvi təhsil modelindən fərqli olaraq bir sıra üstünlükləri var. İlk növbədə, burada bacarıq əsaslı öyrənmə ön plana çıxır. Dərslər şagirdlərin maraq və ehtiyaclarına uyğun qurulur, 21-ci əsr bacarıqları hesab olunan tənqidi düşüncə, problem həll etmə və yaradıcılıq xüsusi əhəmiyyət daşıyır.
Digər mühüm üstünlük nəticəyönümlü yanaşmadır. Təlim nəticələrinin əvvəlcədən müəyyən edilməsi təhsil prosesini daha ölçülə bilən və şəffaf edir.
İnteqrativlik də müasir təhsilin əsas üstünlüklərindəndir. Müxtəlif fənlər arasında əlaqələrin qurulması şagirdlərin dünyanı daha bütöv şəkildə qavramasına imkan yaradır. İnterdisiplinar və multidisiplinar yanaşmalar vasitəsilə həm yeni biliklər, həm də praktik bacarıqlar formalaşır.
Eyni zamanda inklüzivlik və bərabər imkanların təmin olunması da bu sistemin mühüm tərəflərindəndir. Müasir yanaşmalar fərqli öyrənmə ehtiyacları olan şagirdlər üçün daha ədalətli və əlçatan təhsil mühiti yaradır.
Bununla yanaşı, kurikulum sisteminin tətbiqində müəyyən çətinliklər də mövcuddur. İlk növbədə qiymətləndirmə ilə bağlı ziddiyyətlər diqqət çəkir. Sistem bacarıqların ölçülməsini hədəfləsə də, bir çox hallarda summativ qiymətləndirmə hələ də nəzəri biliklərə və test üsuluna əsaslanır. Bu isə sistemin praktik məqsədləri ilə tam uyğunlaşmır.
Digər problem dərslik və resurs məsələsidir. Bəzi hallarda mövcud dərsliklərin məzmunu kurikulumun tələb etdiyi praktik və yüngülləşdirilmiş yanaşma ilə üst-üstə düşmür. Bu isə problemin müəyyən mənada sistemin tətbiq mexanizmindən qaynaqlandığını göstərir.
Müəllim hazırlığı da əsas çətinliklərdən biridir. Kurikulumun effektivliyi müəllimlərin yeni metodları nə dərəcədə mənimsəməsindən asılıdır. Qısa müddətli və formal xarakter daşıyan təlimlər isə köklü dəyişiklik üçün kifayət etmir. Düşünürəm ki, müəllimlər davamlı inkişaf və öyrənmə prosesinə cəlb olunmalıdırlar.
İqtisadi və infrastruktur problemləri də burada özünü göstərir. Rəqəmsal texnologiyaların tətbiqi üçün lazım olan avadanlıq və maliyyə imkanlarının məhdudluğu təhsilin keyfiyyətinə təsir edir.
Akademik baxımdan kurikulum elmi biliklərin praktik tətbiqi üçün bir körpü rolunu oynayır. Peşəkar yanaşmada isə əsas məqsəd əmək bazarının tələblərinə uyğun, rəqabətə davamlı, müstəqil və çevik qərarlar qəbul edə bilən şəxsiyyət formalaşdırmaqdır.
Bu baxımdan mən sistemi ümumilikdə yüksək qiymətləndirirəm və hesab edirəm ki, bu, müasir dünyanın uğurlu təhsil modellərinin əsaslandığı doğru yanaşmadır. Lakin hər bir sistemdə olduğu kimi burada da müəyyən çətinliklər mövcuddur. Həmin problemlərin zamanında aradan qaldırılması kurikulumun daha effektiv və səmərəli işləməsi üçün vacib şərtdir.
Əsas məsələ sistemin özündən daha çox onun düzgün tətbiqi və idarə olunmasıdır. Bu istiqamətdə mövcud problemlər üzərində işləməklə təhsilin keyfiyyətini daha da yüksəltmək mümkündür”.


