FHN Ağcabədidə baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb - YENİLƏNİB 3

Əsəd Abbaslı
FHN Ağcabədidə baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb - YENİLƏNİB 3
Hadisə nəticəsində 5 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağcabədi rayonu, Xocavənd kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Operativ Media xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Ağcabədi rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “KİA” markalı minik avtomobilinin idarəetməni itirərək “MERCEDES” və "VAZ 2106" markalı minik avtomobilləri ilə toqquşması nəticəsində zəncirvari yol-qəza hadisəsinin baş verdiyi və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalanların olduğu müəyyən edilib.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sıxılı vəziyyətdə qalmış meyitləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Yol-nəqliyyat qəzası zamanı 5 nəfər həyatını itirib.

Yanğınsöndürənlər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

22:17

Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan
5 nəfər (kişi cinsli) Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Operativ Media xəbər verir ki, hadisə rayonun Xocavənd kəndi ərazisində qeydə alınıb.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

Onlardan 1992-ci il təvəllüdlü şəxs qarın boşluğunun küt travması diaqnozu ilə tibb müəssisəsinin əməliyyat blokuna yerləşdirilib.

Digər 4 nəfər isə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Qeyd edək ki, hadisə nəticəsində 5 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

21:18

Ağcabədi rayonunda baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsində ölənlərin kimliyi bəlli olub.

Operativ Media xəbər verir ki, qəza nəticəsində ölənlər 1990-cı il təvəllüdlü Hüsiyev Vüsal Məmməd oğlu, 1991-ci il təvəllüdlü Əmrahov Sənan Aqil oğlu, 1992-ci il təvəllüdlü Aslanov Azər Fəyyaz oğlu, 2007-ci il təvəllüdlü Ələsgərov Asiman Yaşar oğlu və Aslanov Elbəy Mövsüm oğludur.

19:58

Ağcabədidə ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Operativ Media xəbər verir ki, ölü və yaralılar var.

Ölü sayının beş nəfər olduğu bildirilir.

Digər xəbərlər