“Kontakt Home”un adı ilə saxta hesab açıb vətəndaşların pulunu taladılar - ETX xəbərdarlıq edir - YENİLƏNİB

Nərmin Qocamanlı
“Kontakt Home”un adı ilə saxta hesab açıb vətəndaşların pulunu taladılar - ETX xəbərdarlıq edir - YENİLƏNİB
Dələduzlar “Kontakt Home”un adı ilə saxta hesab yaradaraq vətəndaşların pulunu talayıblar.

"Son zamanlar müxtəlif tanınmış brendlərin və mağazaların adından həyata keçirilən fişinq (aldadıcı) kampaniyalarına tez-tez rast gəlinir. Kiberdələduzlar saxta sosial media hesabları və veb-səhifələr vasitəsilə məhsulları real dəyərindən xeyli ucuz qiymətə təklif edərək vətəndaşların etibarından sui-istifadə edirlər".

Bu barədə Operativ Media-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən (ETX) məlumat verilib.

ETX vətəndaşları diqqətli olmağa çağırır:

"Bu cür saxta səhifələrdə inandırıcılığı artırmaq məqsədilə rəsmi mağazaların paylaşım üslubuna bənzər kampaniyalar hazırlanır və geniş auditoriyaya təqdim olunur. İstifadəçilər bu kampaniyalar vasitəsilə saxta keçidlərə yönləndirilir və onlardan ödəniş üçün müvafiq məlumatları qeyd etmək tələb olunur. Nəticədə vətəndaşların bank kartı və digər fərdi məlumatları ələ keçirilir, maliyyə oğurluğu baş verir.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə hallara qarşı diqqətli olmağı, şübhəli keçidlər vasitəsilə fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, hər hansı qurumun adından həyata keçirilən kampaniyalarla rastlaşdıqda müvafiq məlumatı həmin qurumun özündən dəqiqləşdirməyi tövsiyə edir".
 

***

13:00

Son günlərdə "Kontakt Home" adı ilə yaradılan saxta hesablar vətəndaşları aldadaraq ciddi narahatlığa səbəb olub.

Operativ Media-nın məlumatına görə, sosial şəbəkələrdə bir sıra vətəndaşlar bu barədə şikayətlərini bölüşüblər. 

Belə ki, vətəndaşlardan biri "Kontakt Home" mağazasının endirimli iPhone kampaniyasına inanaraq saxta veb səhifəyə daxil olub. 

Dələduzlar ona bank kartı məlumatlarını daxil etməli olduğu saxta formanı doldurmağı tapşırıblar. Qısa müddət sonra isə vətəndaşın vəsaiti talanıb və hesabı bloka atılıb.

Digər xəbərlər