İranın idman naziri Azərbaycana səfərə gəlib
İran İslam Respublikasının idman və gənclər naziri Əhməd Dunyamali avqustun 15-də ikitərəfli əməkdaşlığı inkişaf etdirmək və idman diplomatiyasını möhkəmləndirmək məqsədilə Azərbaycana səfər edib.
Operativ Media xəbər verir ki, azərbaycanlı həmkarının rəsmi dəvəti ilə ölkəmizə gələn iranlı nazir Astara sərhəd-keçid məntəqəsindən daxil olub.
Onu sərhəddə Azərbaycanın gənclər və idman nazirinin müavini, habelə İranın Bakıdakı səfiri Müctəba Dəmirçilu qarşılayıblar. Qonaq daha sonra rəsmi proqramda iştirak etmək üçün Bakıya yola düşüb.
İki günlük səfər çərçivəsində Əhməd Dunyamalinin azərbaycanlı həmkarı ilə görüşü, idman və gənclər sahəsində icra proqramı haqqında sənədin imzalanması, eləcə də paytaxtdakı idman qurğuları və altyapı ilə tanışlığı nəzərdə tutulub. Danışıqlar zamanı federasiyalar arasında əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi, birgə təlim-məşq toplanışları və yarışların keçirilməsi məsələləri müzakirə olunacaq.
Səfərdə naziri müavini Seyid Məhəmməd Şervin Əsbəqiyan və Nazirliyin Beynəlxalq əlaqələr departamentinin baş direktoru Məhəmməd Həsən Taqızadə müşayiət edirlər.