Xaricdə verilmiş diplomu tanıtmaq üçün hazırda hansı prosedur tətbiq olunur?
Xarici ali təhsil müəssisələrində əldə olunan diplomların Azərbaycanda tanınması üçün vətəndaşlar elektron qaydada Təhsildə Keyfiyyətin Təminatı Agentliyinə (TKTA) müraciət etməlidirlər.
Bu sözləri Operativ Media-ya təhsil eksperti Ramin Nurəliyev deyib.
O bildirib ki, proses ilk növbədə diplomun və diplom əlavəsinin (qiymət cədvəlinin) təhsil alınan ölkədə apostilləşdirilməsi ilə başlayır. Məsələn, şəxs Türkiyədə ali təhsil alıbsa, həmin sənədlər Türkiyə tərəfindən apostilləşdirildikdən sonra Azərbaycana təqdim edilir:
“Türk, ingilis və rus dillərində tərtib olunan diplomların tərcüməsinə ehtiyac yoxdur. Digər dillərdə verilmiş sənədlər isə Azərbaycan dilinə notariat qaydasında tərcümə və təsdiq edilməlidir.
Müraciət zamanı diplom və diplom əlavəsi ilə yanaşı, xarici pasport, ölkəyə giriş-çıxışı təsdiq edən məlumatlar, şəxsiyyət vəsiqəsi, zəruri hallarda hərbi xidmətlə bağlı sənədlər də təqdim edilir. Əgər təhsil müddətində xarici pasport dəyişdirilibsə, Dövlət Sərhəd Xidmətindən giriş-çıxış məlumatlarını təsdiq edən rəsmi arayış alınmalıdır.
Diplomun tanınması üçün 250 manat dövlət rüsumu ödənilir. Bundan sonra TKTA təqdim olunan sənədlərin qanuniliyini yoxlayır, zərurət yarandıqda isə təhsil alınmış universitetə elektron sorğu göndərərək diplomun həqiqiliyini təsdiqləyir.
Agentlik tərəfindən uzunmüddətli araşdırmalar nəticəsində etibarlılığı ilə bağlı problemlər müəyyən edilmiş bəzi xarici ali təhsil müəssisələrinin siyahısı da mövcuddur. Bu səbəbdən xaricdə təhsil almağı planlaşdıran şəxslərə əvvəlcədən TKTA-nın rəsmi siyahısı ilə tanış olmaq və seçdikləri universitetin diplomunun Azərbaycanda tanınacağını dəqiqləşdirmək tövsiyə olunur.
Diplomların tanınması zamanı iki qərar qəbul oluna bilər: tam tanınma və ya qismən tanınma.
Tam tanınma o halda həyata keçirilir ki, təqdim olunan sənədlər tam qaydasında olsun, təhsil prosesi qanunvericiliyin tələblərinə uyğun aparılsın və məzunun peşə bilik və bacarıqları Azərbaycanda həmin ixtisas üzrə fəaliyyət göstərmək üçün kifayət etsin.
Qismən tanınma isə sənədlərdə problem olmadığı, lakin məzunun peşə hazırlığının Azərbaycan standartlarına tam uyğun gəlmədiyi hallarda tətbiq olunur. Bu, xüsusilə hüquq, mühəndislik və bəzi tibb ixtisaslarında rast gəlinə bilər. Belə hallarda məzun müəyyən adaptasiya təhsili keçməli və Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan peşəyönümlü imtahanda iştirak etməlidir.
Adaptasiya təhsili və imtahanı uğurla başa vuran şəxsin diplomu sonradan tam şəkildə tanınır. İmtahanda kifayət qədər nəticə göstərən məzunların diplomları isə əlavə təhsil mərhələsinə ehtiyac olmadan birbaşa tam tanınır”.
