İlham Əliyev Gömrük Məcəlləsində dəyişikliyi təsdiqləyib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gömrük Məcəlləsində idxal malları üçün uyğunluq sənədlərinin təqdim edilməsini nəzərdə tutan dəyişikliklər haqqında qanunu imzalayıb. Dövlət başçısının digər fərmanı ilə bu qanunun tətbiqi ilə əlaqədar bəzi fərman və sərəncamlarda da müvafiq düzəlişlər edilib.
Operativ Media xəbər verir ki, yeni qaydalara əsasən, barəsində texniki reqlamentlər və istinad edilmiş standartlar qəbul edilmiş idxal olunan mallara dair "Texniki tənzimləmə haqqında" Qanuna uyğun olaraq tərtib edilən uyğunluq sertifikatı, uyğunluq bəyannaməsi və tanınmış xarici mənşəli uyğunluq sənədlərinin təqdim edilməsi məcburi olacaq. Bu tələb gömrük sərhədindən keçid zamanı "bir pəncərə" prinsipi, Dövlət Gömrük Komitəsinin əsasnaməsi və "Yaşıl dəhliz" buraxılış sisteminin qaydalarına da inteqrasiya edilib.
Sözügedən dəyişikliklər texniki reqlamentlərin və istinad edilmiş standartların hər ikisinin birlikdə qüvvəyə minməsindən 2 il keçdikdən sonra idxal edilən mallara şamil olunacaq. Qanun və fərman dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.