Uşaqları məktəb rejiminə nə vaxtdan qaytarmaq lazımdır? - TƏHLİL
Yeni dərs ilinin başlamasına hələ bir aydan çox vaxt var. Buna baxmayaraq, çox vaxt valideynlər avqust ayındandan etibarən uşaqları repetitor yanına göndərməyə başlayırlar.
Bəs yay tətili bitmədən uşaqları məktəb rejiminə keçirmək nə dərəcədə düzgündür?
Mövzu ilə bağlı Operativ Media-ya danışan təhsil eskperti Ramin Nurəliyevin sözlərinə görə, mövcud təhsil sistemində valideynlərin övladlarını yay aylarında, xüsusilə iyun-avqust dövründə repetitor və ya hazırlıq kurslarına yönləndirməsi əksər hallarda seçimdən deyil, zərurətdən irəli gəlir:
"Bunun əsas səbəbi qəbul və buraxılış imtahanlarının mövcud tədris prosesinə təsiri və proqramın qısa müddətdə mənimsənilməsi tələbidir.
Xüsusilə XI sinif şagirdləri üçün buraxılış imtahanının mart ayında keçirilməsi tədris prosesini məhdud zaman çərçivəsinə salır. Şagird sentyabr ayından etibarən cəmi altı ay ərzində Azərbaycan dili, riyaziyyat və xarici dil fənləri üzrə həm məktəb proqramını mənimsəməli, həm də imtahanlara yüksək səviyyədə hazırlaşmalıdır. Bu səbəbdən mövcud imtahanyönümlü təhsil sistemi əlavə hazırlığı zəruri edir və nəticədə həm valideyn, həm müəllim, həm də şagird müəyyən məcburiyyət qarşısında qalır.
Əsas suallardan biri budur ki, şagird yalnız ümumtəhsil məktəbində aldığı biliklərlə qəbul imtahanlarında yüksək nəticə əldə edə bilərmi? Mövcud vəziyyət göstərir ki, bu, əksər hallarda mümkün olmur. Bunun səbəbi orta ümumi təhsil proqramı ilə Dövlət İmtahan Mərkəzinin qiymətləndirmə mexanizmi arasında müəyyən uyğunsuzluqların mövcudluğudur.
Məsələn, Azərbaycan dili fənni üzrə qəbul imtahanında V sinifdən XI sinfə qədər tədris olunan mövzular qiymətləndirilir. Lakin XI sinifdə şagird həmin geniş proqramın yalnız kiçik bir hissəsini, təxminən 3–5 faizini əhatə edən yeni mövzularla qarşılaşır. Əvvəlki siniflərdə keçilmiş fonetika, leksika, morfologiya, sintaksis və digər bölmələr sistemli şəkildə təkrar olunmadığından, şagird bu bilikləri müstəqil şəkildə bərpa etməkdə çətinlik çəkir. Nəticədə əlavə hazırlıq, repetitor və ya kurs dəstəyi zərurətə çevrilir.
Son illərdə Elm və Təhsil Nazirliyi tərəfindən təmayüllü siniflərin təşkili bu problemin qismən aradan qaldırılmasına yönəlmiş addım kimi qiymətləndirilə bilər. Həmin siniflərdə tədrisin qəbul proqramına daha uyğun şəkildə təşkil edilməsi şagirdlərin hazırlıq səviyyəsinə müsbət təsir göstərir. Lakin bu model bütün məktəbləri və bütün şagirdləri əhatə etmədiyi üçün problemin tam həllini təmin etmir.
Buna görə də təhsil sistemində daha genişmiqyaslı və sistemli islahatlara ehtiyac vardır. Əgər ölkədə təhsil modeli qəbul və imtahan yönümlü olaraq qalacaqsa, tədris proqramlarının da bu qiymətləndirmə sisteminə uyğunlaşdırılması vacibdir. Əks halda, imtahan modelində fundamental dəyişikliklər həyata keçirilməli və qiymətləndirmə mexanizmi məktəb proqramı ilə tam uzlaşdırılmalıdır. Yalnız bu halda şagirdlərin əlavə hazırlığa olan məcburi ehtiyacı azalacaq və təhsil prosesində bərabər imkanlar təmin ediləcəkdir".
Ekspert bildirib ki, Azərbaycanda tədris sentyabr ayında başlasa da, bir çox Avropa ölkəsində tədris avqust ayında başlayır:
“Misal üçün Norveç, Finlandiya və Almaniyanın bəzi əyalətlərini göstərmək olar. Bunlar elə təhsili inkişaf etmiş ölkələrdir. Avropanın bir neçə ölkəsində isə tədris prosesi avqustun sonu – sentyabrın əvvəllərində başlayır. Məsələn, Fransa, Belçika və digər bu kimi ölkələrdə tədris prosesi daha çox avqustun sonu, sentyabrın əvvəlləri və ya ortalarına təsadüf edir. Çox az sayda ölkədə dərslər sentyabr ayının ortalarına doğru başlayır; misal üçün, Malta. Malta ümumiyyətlə Avropada tədris prosesinin ən gec başladığı ölkədir.
Bizdə isə hazırda dərslər sentyabr ayının 15-dən başlayır. İndi gəlin diqqət yetirək: sentyabrın 15-də dərslərin başlamasının nə kimi üstünlükləri və ya mənfi təsirləri var?
İlk növbədə bildirim ki, mənim şəxsi düşüncəmə görə, ən yaxşı variant dərslərin sentyabrın 1-də başlaması və mayın sonunda yekunlaşmasıdır. Əgər biz dərslərə sentyabrın 15-də başlayırıqsa, tədris ilini iyunun 15-də başa vurmalı oluruq. Bu da istər-istəməz yay aylarında şagirdlərin məktəbə getməsinə və ilin sonunda təhsilə olan həvəsinin azalmasına təsir göstərir.
Gəlin açıq etiraf edək ki, may ayından sonra şagirdlərin məktəbə getməsi çox hallarda çətin olur. Hətta məktəblərdə şagird sayının azaldığını müşahidə edirik. Xüsusilə yuxarı sinif şagirdlərinin imtahanlara hazırlıq dövrü və yay istirahəti ilə əlaqədar davamiyyəti aşağı düşür. Bu da tədris prosesində müəyyən boşluqlar yaradır.
Ona görə düşünürəm ki, ən ideal variant dərslərin sentyabrın 1-də başlayıb mayın 25-i və ya 30-da yekunlaşmasıdır.
Məktəbin daha tez yekunlaşması, əslində, attestatların da daha tez verilməsinə təsir göstərə bilər. Elektron attestatların daha tez veriləcəyi bildirilsə də, təəssüf ki, hazırda avqust ayında olsaq da, onlar hələ təqdim olunmayıb. Yaxın günlərdə veriləcəyi bildirilir. Halbuki kağız formatındakı attestatlar əvvəllər iyun ayının sonunda artıq şagirdlərə təqdim olunurdu.
Elektron attestatların daha tez verilməsi nəzərdə tutulduğu halda bu qədər gecikməsinin, yəqin ki, müəyyən səbəbləri var. Amma ümumiyyətlə, hər hansı bir iş görülərkən o iş əvvəlcədən analiz olunmalı, sistemləşdirilməli və yalnız bundan sonra həyata keçirilməlidir.
Əgər orta ümumtəhsil məktəblərində dərslər iyunun 15-də deyil, mayın 25-də başa çatsa, düşünürəm ki, elektron attestatların da iyunun ortalarına qədər təqdim olunması mümkün olar”.
