Bu gün Zəngilan şəhərinin işğaldan azad edilməsindən 5 il ötür. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatları nəticəsində Zəngilan şəhəri 2020-ci il oktyabrın 20-də erməni işğalından azad edilib.
Azərbaycan Ordusu sentyabrın 27-dən başlayan döyüş əməliyyatlarının miqyasını genişləndirərək, döyüşlərin 24-cü günü Zəngilan rayonunun ərazisinə daxil olub. Düşməni sıxışdıraraq geri çəkilməyə məcbur edən ordumuz oktyabrın 20-də Zəngilan rayonunun bir neçə yaşayış məntəqəsini işğaldan azad edib.
Operativ Media Zəngilanın azad olunmasının beşinci ildönümü ilə bağlı bölgə sakinlərinin təəssüratlarını öyrənib.
Zəngilan sakini Minayə Mahmudova:“Bu gün dövlətimizin tarixində əlamətdar bir günü Zəngilanın işğaldan azad olunduğu günü qürurla qeyd edirik. Zəngilan bu gün yenidən doğulur, dirçəlir. Biz gələcəyə inamla addımlayırıq. Dövlətimizin əməkdaşları olaraq bu qələbənin davamı kimi azad olunmuş torpaqlarımızın bərpası və inkişafı üçün səylə çalışmaqdan qürur duyuruq. Bu möhtəşəm qələbə Ali Baş Komandanımızın rəhbərliyi və Şanlı Azərbaycan Ordusunun igidliyi sayəsində əldə olunub. Zəngilanın azad olunması xalqımızın birliyinin, dövlətimizin qüdrətinin və torpaqlarımıza olan sonsuz sevgimizin təntənəsidir.
Qarabağ Azərbaycandır, Zəngilan Azərbaycandır!”
Zəngilan sakini Çiçək Gəraylı:
“Bu gün Zəngilanın azad olunma günüdür. Hər il bu tarix gələndə içimdə qəribə bir duyğu olur həm sevinc, həm həyəcan, həm də qürur.
İllərlə həsrətini çəkdiyimiz o torpaqlara bu gün azadlıq, dirçəliş və həyat gəlir. O dağlar, o çaylar, o ağaclar indi yenidən Vətən qoxur. Zəngilan bu gün azad nəfəs alır, biz də onunla birlikdə nəfəs alırıq. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Onların sayəsində bu gün bu torpaq bizimdir, bu qürur bizimdir. Qürur duyuram ki, Zəngilanda yaşayıram. Qürur duyuram ki, bu torpağın övladıyam!”
Zəngilan sakini İlhamə Quliyeva:“Dövlətimizə və cənab Prezidentimizə dərin təşəkkürümü bildirirəm. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı arzu edirəm. Öz elimizdə, obamızda azad yaşamağımızı onlara borcluyuq.”
Zəngilan sakini Siyavuş Muradov:
“Bu gün, 20 oktyabr 2025-ci ildə, Zəngilan rayonunun işğaldan azad olunmasının beşinci ildönümünü qeyd edirik. Müzəffər Ordumuzun və Ali Baş Komandan cənab İlham Əliyevin düşünülmüş addımları nəticəsində rayonumuz işğaldan azad edilib. Hazırda mən və mənim kimi minlərlə insan doğma rayonumuzda məskunlaşaraq yaşayırıq. Torpaqlar yenidən çiçək açır, insanlar tarlalarda və bağlarda çalışır, Azərbaycanımızın çiçəklənməsi üçün var gücləri ilə səy göstərirlər. Bu tarixi gündə xalqımızı ürəkdən təbrik edirəm. Allahdan şəhidlərimizə rəhmət, ərazilərimizdə əmin-amanlıq, əsgərlərimizə isə bərəkətli ömür arzulayıram.”
Zəngilan sakini Bahar Səmədova:
“Bu gün Zəngilan rayonunun işğaldan azad olunmasından 5 il keçir. Cənab Prezident İlham Əliyevə öz təşəkkürümü bildirirəm.
Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı arzu edirəm. Onlar sayəsində bu xoş günləri öz torpağımızda yaşamaq bizə nəsib oldu”.
Zəngilan sakini Habil Abdullayev:
“Bu gün ürəyimizdə başqa bir sevinc var. Qürurla deyirik: Zəngilan bizimdir, Qarabağ Azərbaycandır!”
Zəngilan sakini Mübariz Fərhadov:
“Bu gün mənim üçün tarixi bir gündür. Doğma Zəngilanın işğaldan azad olunduğu gündür. Sevincimin həddi-hüdudu yoxdur. Bu sevinci bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa, cənab Ali Baş Komandana isə can sağlığı diləyirəm”.
Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə işğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış" istiqaməti üzrə hazırlanıb.