Beynəlxalq sürücülük vəsiqəsini necə əldə etmək olar?

Ayşən Sadıxzadə
Beynəlxalq sürücülük vəsiqəsini necə əldə etmək olar?

“Bəzi ölkələrdə sürücülük vəsiqəsi ayrıca kart şəklində verilir və bu sənəd beynəlxalq səviyyədə keçərli olur. Azərbaycan vətəndaşları da xaricdə avtomobil idarə etmək üçün öz sürücülük vəsiqələrini beynəlxalq standartlara uyğunlaşdırmalıdırlar”.

Bu fikirləri Operativ Media-ya açıqlamasında nəqliyyat eksperti Eldəniz Orucov deyib.

O bildirib ki, bunun üçün Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) müraciət etmək lazımdır: 

“Müraciət edən şəxsə yoxlamalardan sonra əlavə beynəlxalq sürücülük vəsiqəsi təqdim olunur.

Müraciət üçün tələb olunan sənədlər aşağıdakılardır: 

- Şəxsiyyət vəsiqəsinin surəti
- Mövcud milli sürücülük vəsiqəsinin surəti
- 3x4 ölçüdə rəngli fotoşəkil
- Dövlət rüsumunun ödənişi barədə qəbz
- Müraciət ərizəsi (BDYPİ tərəfindən təqdim olunur)

Əvvəlcə vətəndaş müvafiq sənədlərlə BDYPİ-nin Mərkəzi Məlumat Mərkəzinə müraciət edir. Sənədlər yoxlanıldıqdan sonra vəsiqənin beynəlxalq tələblərə uyğunluğu təsdiqlənir. Zərurət yarandığı halda, vətəndaş qısa hazırlıq kurslarından keçərək nəzəri və praktiki imtahan verir. İmtahan müvəffəqiyyətlə başa çatdıqdan sonra, vətəndaşa beynəlxalq sürücülük vəsiqəsi təqdim olunur.

Beynəlxalq sürücülük vəsiqəsi adətən 3 il müddətinə verilir və yalnız etibarlı milli sürücülük vəsiqəsi ilə birlikdə istifadə oluna bilər.

Bu sənəd 70-dən çox ölkədə keçərlidir və sürücülərə xaricdə avtomobil idarə etmək hüququ verir”.

Digər xəbərlər