Menyu

"Dilimizin alınma söz yükü altında əzilməsini istəmirik" - Vasif Sadıqlı

Ayşən Sadıxzadə
"Dilimizin alınma söz yükü altında əzilməsini istəmirik" - Vasif Sadıqlı

"Müstəqillik dövründə onun geniş istifadəsi, əsaslı tədqiqi, ölkədə dilçilik elmi sahəsində vəziyyətin yaxşılaşdırılması üçün əlverişli zəmin yaradılıb. “Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dövlət dilinin hüquqi statusu, dövlət dilinin işlənməsi, qorunması və inkişafı sahəsində dövlətin əsas vəzifələri müəyyən edilib".

Bu sözləri Operativ Media-ya açıqlamasında Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin sədri Vasif Sadıqlı bildirib.

O bildirib ki, “Dövlət dili haqqında”qanuna əsasən, dövlət dilinin saflığının qorunması, dilçilik elminin nəzəriyyəsi və praktikasının inkişafı üçün müvafiq şəraitin yaradılması və tədbirlərin həyata keçirilməsi, xarici ölkələrdə yaşayan azərbaycanlıların Azərbaycan dilində təhsil almalarına, bu dildən sərbəst istifadə etmələrinə köməklik göstərilməsi dövlətin vəzifələrinə daxildir:

"Elm və texnikanın sürətlə inkişaf etdiyi qloballaşma dövrü ədəbi dilimizin yad təsirlərdən qorunması üçün kompleks tədbirlər görülməsini tələb edir. 2013-cü ildə qəbul edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” dilimizin zamanın tələblərinə uyğun inkişafı, qorunması, elektron məkanda daha geniş istifadəsi və ölkədə dilçiliyin inkişaf etdirilməsi mexanizminin yaradılması, dilçilik sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasının təkmilləşdirilməsi və bu kimi işlərin görülməsini nəzərdə tuturdu.

Bundan əlavə, dövlət dili normalarının pozulmasına görə cəza da müəyyən edilib. Prezident İlham Əliyev tərəfindən bu gün təsdiq edilən “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunda bu, öz əksini tapıb.

Qanuna əsasən, kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək, hüquqi şəxslər isə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilməlidirlər. Amma bu qanun işləmir".

Onun sözlərinə görə,  Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi 5 ildən çoxdur ki, çap və elektron mətbuatda, reklam daşıyıcılarında dövlət dilinin normalarının pozulması ilə bağlı minlərlə fakt qeydə alıb, müvafiq rəsmi qurumlara müraciət edib:

"Xüsusən Bakı və digər şəhərlərimizdə açıq reklam lövhələrində əcnəbi dillərin “meydan sulaması” ilə bağlı Dövlət Dil Komissiyasının sədr müavini Anar Rzayevə, BŞİH başçısı Eldar Əzizova, Milli Məclisin Sədrinə və 100-dən artıq deputata müraciət etmişik.

Deputatlar Vahid Əhmədov və Sabir Rüstəmxanlı bizim müraciətdən sonra məsələnin Milli Məclisin gündəliyinə salınması ilə bağlı təklif irəli sürüblər. Amma nəticə yoxdur.

Məmurların “Dövlət dili haqqında” Qanuna etinasızlıqları xüsusi qeyd edilməlidir. Bakı Dəmiryol Vağzalına aid obyektlərdə dövlət dili normalarının pozulması ilə bağlı müraciətimiz aylarla nəticəsiz qaldı. Yalnız rəqəmsal inkişaf və nəqliyyat naziri cənab Rəşad Nəbiyevə müraciət etdikdən sonra problem həllini tapdı, qeyd olunan lövhələr demontaj edildi.

“Bakı Metropoliteni” QSC də yol verdiyi nöqsanları aradan qaldırmağa həvəsli deyil — eyni bürokratiya, eyni etinasızlıq davam edir. Metro rəhbərliyinə onlara aid ərazilərdəki lövhələrdə “zibil” mənasında “çöp” sözündən istifadə edilməsinin ədəbi dilin leksik normasının pozulması olduğunu bildirmişdik. Metronun aparat rəhbərinin cavabı bizi dəhşətə gətirdi. Dilçilərə ədəbi dil üzrə “ustad dərsi” keçmək istəyən bu şəxsin cavabı orta məktəb qiymətləndirmə normativləri ilə “2”-yə belə layiq deyildi.

Cənab Prezident AMEA-nın 80 illik yubiley yığıncağında çıxışında deyib ki, ana dilimiz “çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur. Düzdür, beynəlxalq leksikon var və hər birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlmə gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu, ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir.”

Bəli, belə halların qarşısının alınması üçün dövlət dilindən istifadəyə nəzarət edən kadrlar diqqətlə seçilməli, bu iş təsadüfi şəxslərə tapşırılmamalıdır.

Nəhayət, qeyd etmək istərdim ki, biz 2024-cü ilin may ayında bir qrup ziyalı ilə birlikdə Prezidentə müraciət edərək, ölkədə ədəbi dilin zənginləşməsi prosesini tənzimləyən ayrıca bir quruma ehtiyac olduğunu bildirmişdik. Buna çox ciddi ehtiyac var. Çünki hazırda bir gündə Oksford lüğətinə orta hesabla 16,5 söz daxil olur. Bu, bir ildə 6 min neologizm deməkdir. On ildən sonra dilimizin 60 minə yaxın alınma söz yükü altında əzilməsini istəmirik.

Hazırda termin yaradıcılığı ilə ictimai əsaslarla məşğul olurlar. Ona görə də dilə termin axınını tənzimləyən prosesi idarə etmək üçün ştatlı işçilərdən ibarət bir qurumun yaradılmasına ehtiyac vardır. Fikrimizcə, belə bir qurum Azərbaycan dilinin lüğət tərkibinin mahiyyətcə dolğunlaşması, milli dil resurslarından istifadə etməklə yeni sözlərin yaradılması və dilimizin müasirləşməyə uğurla uyğunlaşa bilməsi üçün çox gözəl imkanlar aça bilər".

Əlaqəli Xəbərlər