Menyu

Oyun asılılığı: Video oyunların beyin inkişafına təsirləri

Ayşən Sadıxzadə
Oyun asılılığı: Video oyunların beyin inkişafına təsirləri

Video oyunlar artıq müasir həyatın ayrılmaz hissəsinə çevrilib. Xüsusilə uşaqlar və yeniyetmələr günün böyük hissəsini rəqəmsal mühitdə keçirirlər. Bu səbəbdən video oyunların beyin inkişafına təsiri həm valideynləri, həm də mütəxəssisləri ciddi şəkildə düşündürür. Psixoloji baxımdan yanaşdıqda görürük ki, oyunların həm müsbət, həm də mənfi tərəfləri mövcuddur.

Bu sözləri Operativ Media-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib.

Onun sözlərinə görə, araşdırmalar göstərir ki, bəzi video oyunlar diqqət, reaksiya sürəti, məntiqi düşünmə və problem həll etmə bacarıqlarını inkişaf etdirə bilir:

"Strategiya və analiz tələb edən oyunlar planlama və qərarvermə qabiliyyətinə müsbət təsir göstərə bilər. Eyni zamanda komanda şəklində oynanan oyunlar sosial ünsiyyət və əməkdaşlıq bacarıqlarını da müəyyən qədər gücləndirir. Bəzi insanlar üçün oyunlar gündəlik stressdən qısa müddətli uzaqlaşma vasitəsi rolunu oynayır.

Lakin burada balans çox vacibdir. Nəzarətsiz və uzunmüddətli oyun istifadəsi artıq psixoloji və davranış problemlərinə səbəb ola bilər. Xüsusilə uşaqlarda və yeniyetmələrdə oyun asılılığı riski artdıqda real həyatdan uzaqlaşma, sosial təcrid, yuxu pozuntuları, aqressiya və dərs performansında zəifləmə müşahidə oluna bilər. Video oyunlar beyində sürətli mükafat sistemi yaratdığı üçün bəzi insanlarda dopaminə bağlı davranış formalaşır və bu da oyundan ayrılmağı çətinləşdirir.

Burada əsas məsələ oyunun özü deyil, istifadənin formasıdır. Əgər uşaq oyun oynamaqla yanaşı sosial fəaliyyətlərdə iştirak edir, dərslərinə vaxt ayırır, ailə münasibətləri və gündəlik həyatı pozulmursa, bu zaman risk daha az olur. Amma oyun insanın həyatının mərkəzinə çevrilirsə, artıq müdaxilə və psixoloji dəstək vacibdir.

Valideynlərə tövsiyəm odur ki, uşaqlara tam qadağa qoymaq əvəzinə balanslı nəzarət tətbiq etsinlər. Hansı oyunların oynanıldığına diqqət edilməli, ekran vaxtı məhdudlaşdırılmalı və uşaqlar alternativ fəaliyyətlərə yönləndirilməlidir. Texnologiya artıq həyatımızın bir hissəsidir. Əsas məqsəd isə uşaqları texnologiyadan uzaqlaşdırmaq deyil, onu sağlam və düzgün istifadə etməyi öyrətməkdir”.

Pediatr Səbinə Məmmədova isə bildirib ki, video oyunların həm müsbət, həm də mənfi təsirləri mövcuddur:

“Beyin inkişafı uşaqlıq dövründə xüsusilə sürətlə gedir. Bu mərhələdə uşağın gördüyü, eşitdiyi və yaşadığı hər təcrübə sinir əlaqələrinin formalaşmasına təsir edir. Bəzi video oyunlar diqqət, məntiq, qərarvermə və refleksləri inkişaf etdirə bilir. Xüsusilə strategiya, quruculuq, tapmaca və problem həll etməyə əsaslanan oyunlar beynin müxtəlif sahələrini aktivləşdirir. Araşdırmalar göstərir ki, müəyyən oyunlar uşaqlarda əl-göz koordinasiyasını gücləndirir, sürətli düşünmə bacarığını artırır və vizual yaddaşı inkişaf etdirir.

Məsələn, məntiq oyunları uşağın planlama və analiz etmə qabiliyyətini gücləndirə bilər. Komanda şəklində oynanan bəzi oyunlar isə sosial əməkdaşlıq, ünsiyyət və liderlik bacarıqlarını inkişaf etdirir. İngilis dilində olan oyunlar uşaqlarda xarici dil öyrənməyə maraq yarada və yeni söz ehtiyatı qazandıra bilər. Hətta bəzi təhsil yönümlü oyunlardan məktəblərdə də istifadə edilir.

Lakin video oyunların həddindən artıq istifadəsi ciddi problemlərə səbəb ola bilər. Ən böyük risklərdən biri oyun asılılığıdır. Uşaq oyun oynayarkən beyində dopamin adlı “mükafat hormonu” ifraz olunur. Bu hiss təkrarlandıqca uşaq oyuna daha çox bağlanır və real həyatdan uzaqlaşmağa başlayır. Nəticədə məktəb dərslərinə maraq azalır, yuxu pozğunluğu yaranır, sosial münasibətlər zəifləyir və emosional problemlər ortaya çıxa bilir.

Uzun müddət ekran qarşısında qalmaq uşaqlarda diqqət dağınıqlığına və hiperaktiv davranışlara səbəb ola bilər. Xüsusilə sürətli, aqressiv və yüksək səs effektli oyunlar beynin daim gərgin vəziyyətdə qalmasına gətirib çıxarır. Bu uşaqlarda əsəbilik, aqressiya və səbirsizlik yarada bilər. Bəzi araşdırmalar zorakılıq məzmunlu oyunların uşaqlarda empati hissini zəiflədə biləcəyini göstərir.

Yuxu problemi də mühüm məsələlərdən biridir. Axşam saatlarında oyun oynamaq beyinin sakitləşməsinə mane olur. Ekrandan yayılan mavi işıq melatonin hormonunun azalmasına səbəb olur və uşağın yuxuya getməsi çətinləşir. Kifayət qədər yatmayan uşaqlarda isə yaddaş zəifləməsi, yorğunluq və diqqət problemləri yaranır.

Fiziki sağlamlıq baxımından da risklər mövcuddur. Saatlarla oturaq vəziyyətdə oyun oynamaq piylənmə riskini artırır, onurğa və boyun ağrılarına səbəb ola bilər. Göz yorğunluğu, baş ağrısı və görmə zəifləməsi də tez-tez rast gəlinən problemlərdəndir.

Pediatrlar bildirirlər ki, əsas məsələ video oyunları tam qadağan etmək deyil, düzgün balans yaratmaqdır. Uşağın yaşına uyğun və faydalı məzmun seçilməsi çox vacibdir. Valideynlər oyunların yaş məhdudiyyətinə diqqət etməli, zorakılıq və qorxu məzmunlu oyunlardan uzaq durmalıdırlar. Xüsusilə 6 yaşdan kiçik uşaqlarda ekran müddəti ciddi şəkildə məhdudlaşdırılmalıdır.

2 yaşdan kiçik uşaqlara ekran istifadəsi tövsiyə edilmir;

2–5 yaş arası uşaqlarda gündə maksimum 1 saat nəzarətli ekran vaxtı uyğun hesab olunur;

Məktəb yaşlı uşaqlarda isə ekran vaxtı dərs, yuxu və fiziki aktivliyə mane olmamalıdır.

Valideynlərin uşağın hansı oyunları oynadığını bilməsi vacibdir. Uşaqla birlikdə oyun oynamaq, oyun məzmununu müzakirə etmək və müəyyən qaydalar qoymaq daha sağlam yanaşmadır. Yemək zamanı, yatmazdan əvvəl və dərs saatlarında oyun oynamağa icazə verilməməlidir.

Əgər uşaq oyun oynamadığı zaman əsəbi olursa, sosial həyatdan uzaqlaşırsa, dərsləri zəifləyirsə və bütün vaxtını oyuna sərf etmək istəyirsə, bu artıq oyun asılılığının əlaməti ola bilər. Belə hallarda pediatr, uşaq psixoloqu və ya nevroloq dəstəyi faydalı ola bilər.

Video oyunlar düzgün istifadə edildikdə həm əyləncə, həm də inkişaf vasitəsi ola bilər. Lakin nəzarətsiz və həddindən artıq istifadə uşağın həm psixoloji, həm fiziki, həm də sosial inkişafına mənfi təsir göstərə bilər. Ən vacib məsələ uşağın real həyat ilə virtual dünya arasında sağlam balans qurmasına kömək etməkdir”.

Əlaqəli Xəbərlər