Menyu

Bayramqabağı suni qiymət artımlarına nəzarət gücləndirilib

Operativ Media
Bayramqabağı suni qiymət artımlarına nəzarət gücləndirilib

Nazirlər Kabinetinin 178 saylı Qərarı ilə “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı” təsdiq edilib. Həmin siyahıya daxil olan malların (işlərin, xidmətlərin) qiymətləri dövlət tərəfindən müəyyən edilir. Digər malların (işlərin, xidmətlərin) qiymətləri bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında təsərrüfat subyektləri tərəfindən sərbəst müəyyən edilir.

Bu barədə Operativ Media-nın sorğusuna cavab olaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Agentliyindən bildirilib.

Qurumdan qeyd olunub ki, məcmu tələbin və ya təklifin mövsümi faktorlar səbəbindən artması və ya azalması istehlak bazarında qiymətlərə təsir edə bilir. Bəzi mövsümlərdə müəyyən məhsulların istehsal edilməsi mümkün olmur və ya müəyyən dövrlərdə bəzi məhsullara olan tələb həcmi kəskin dəyişir. Mövsümi faktorlardan biri kimi bayram ərəfəsində istehlak bazarında yaranan vəziyyəti nümunə gətirmək olar. Belə ki, bayramöncəsi adətən istehlakçıların iqtisadi davranışlarında müəyyən dəyişikliklər müşahidə edilir və müxtəlif sosial-iqtisadi səbəblərə görə bəzi məhsullara olan tələb həcmi dəyişə bilir. Müşahidələr göstərir ki, mövsümi faktorlar aradan qalxdıqdan sonra adətən istehlak bazarında qiymət dinamikasında azalma qeydə alınır.

Bundan əlavə, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanuna əsasən, sahibkarlar öz məhsulları (işləri, xidmətləri) üçün qiymətləri sərbəst müəyyən edirlər. İstehlak bazarında sahibkarlar tərəfindən istehlakçılara müxtəlif qiymət və şərtlərlə məhsullar təklif olunur, istehlakçıların onların arasından qiyməti və istehlak xassələri daha uyğun olan malı sərbəst seçmək hüququ var.

Bununla belə, ölkədə bayramqabağı ərzaq məhsullarına tələbatın yüksəlməsi fonunda mövcud vəziyyətdən sui-istifadə hallarının və qiymətlərin əsassız olaraq dəyişilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən nəzarət tədbirləri çərçivəsində mütəmadi monitorinqlər aparılır. Bu sahədə hökmran mövqedən sui-istifadə, rəqabəti məhdudlaşdıran sazişlər, o cümlədən kartel sövdələşmələri, uyğunlaşdırılmış hərəkətlər və digər rəqabət qanunvericiliyinə zidd hərəkətlərin əlamətləri aşkar edildiyi təqdirdə qanunamüvafiq tədbirlər görülür.

İstehlakçılar və sahibkarlar rəqabət qanunvericiliyinin pozulması halları ilə rastlaşdıqda Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) və elektron poçt ([email protected])vasitəsilə müraciət edə bilərlər.

Əlaqəli Xəbərlər