Menyu

Sosial müavinətlərin dayandırılması hansı hallarda qanunidir?

Ayşən Sadıxzadə
Sosial müavinətlərin dayandırılması hansı hallarda qanunidir?

“Azərbaycan Respublikasının vətəndaşına sosial müavinətlərin təyin edilməsi və ödənilməsi qaydaları “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda öz əksini tapıb”.

Bu sözləri Operativ Media-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov deyib. 

O bildirib ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun 11-ci maddəsinə əsasən, müavinətlərin ödənişinin dayandırılması aşağıdakı hallarda baş verə bilər:

- Müavinətlərin ödənişi bu Qanunun 9-cu maddəsində müəyyən edilmiş müddətlər başa çatdıqda, müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və yaxud aşağıdakı hallardan biri baş verdikdə dayandırılır:

- Dövlət qulluqçularına ömürlük müavinət - dövlət qulluqçusu yenidən dövlət qulluğuna qəbul edildikdə;

- Yaşa görə müavinət - şəxs əmək fəaliyyətinə başladıqda;

- Müavinət - şəxs əmək pensiyası hüququ qazandıqda;

- Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs əmək pensiyası hüququ qazandıqda;

- 3 yaşınadək uşağa qulluğa görə müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şəxs qismən ödənişli sosial məzuniyyətdən qayıtdıqda;

- Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət – müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqda və ya vəfat etdikdə;

- Valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyumluq (himayəçilik) ləğv edildikdə;

- Övladlığa götürülən uşağa, o cümlədən əlilliyi olan uşağa görə müavinət – övladlığa götürülən uşaq vəfat etdikdə, habelə övladlığa götürülən uşağın ölmüş elan edilməsi və ya itkin düşmüş hesab edilməsi, eləcə də müavinəti alan şəxs tərəfindən uşağı övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduqda;

- Himayədar ailəyə verilmiş uşağın, o cümlədən əlilliyi olan uşağın tərbiyə edilməsinə görə müavinət – himayədar valideynlərlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında uşağın himayədar ailəyə verilməsinə dair bağlanılmış müqavilə ləğv edildikdə.

- Müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən edilmiş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və bu Qanunun 11.1.1 - 11.1.6-cı maddələrində göstərilən hallarda, habelə vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin öhdəsində olan uşağı 18 yaşına çatdıqda müavinətlərin ödənişi qanunvericiliyə uyğun olaraq həmin halın yarandığı gündən, digər hallarda isə növbəti ayın 1-dən dayandırılır. 

Müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxsin məlumat vermək vəzifəsi var.

Müavinətlərin (işsizlik müavinəti istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur.

Müavinətlərin (işsizlik müavinəti istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.

Əlaqəli Xəbərlər