Ev tikmək istəyən vətəndaşlar nələri bilməlidir? - VACİB QAYDALAR
Fərdi yaşayış evi tikmək üçün ilk növbədə torpaq sahəsinin yaşayış təyinatlı olması vacibdir. Yalnız yaşayış təyinatlı torpaq sahəsinin üzərində fərdi ev tikmək mümkündür.
Bu barədə Operativ Media-ya açıqlamasında vəkil Lalə Salmanova deyib.
O bildirib ki, vətəndaşın mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təqdim edilən tikinti normaları çərçivəsində fərdi yaşayış evi tikilə bilər. Buraya 3 mərtəbədən yuxarı olmayan və hündürlüyü 12 metrdən artıq olmayan evlər daxildir. (Hündürlük birinci mərtəbənin döşəməsinin üstündən son mərtəbənin dam örtüyünə qədər hesablanır; çardaqaltı döşəmələrin hündürlüyü və aşırımlar 6 metrdən çox olmamalıdır)
Fərdi ev tikərkən yalnız aşağıdakı sənədlər hazırlanır:
- Zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planları və kəsikləri
- Fasadlar
- Memarlıq-planlaşdırma bölməsi və tikinti ərazisinin baş planı
Əgər torpaq sahəsi yaşayış təyinatlıdır və tikinti qanunvericilikdə nəzərdə tutulan parametrlər daxilində aparılırsa, vətəndaş icra hakimiyyətinə məlumat verir.
Bu halda əlavə icazə sənədi tələb olunmur.
Əgər tikinti müəyyən edilmiş normalardan artıqdırsa, müvafiq icazə alınmalıdır.
Ev tikildikdən sonra vətəndaş sənədlərlə birlikdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə (Əmlak xidməti) müraciət edir.
Sənədlər qaydasındadırsa və dövlət rüsumu ödənilibsə, ev və torpaq sahəsinə çıxarış (mülkiyyət hüququ haqqında şəhadətnamə) verilir.
Əgər müraciət təmin olunmazsa və ya sənədlərdə çatışmazlıq varsa, vətəndaş məhkəməyə müraciət edə bilər:
- Bakı şəhərində – Bakı İnzibati Məhkəməsi
- Digər rayonlarda – müvafiq inzibati məhkəmələr
Məhkəmə qərarı qüvvəyə mindikdən sonra Əmlak xidməti həmin qərara əsasən çıxarışı rəsmiləşdirir.
Torpaq sahəsinin çıxarışı yoxdursa bu zaman əvvəlcə torpağın hüquqi statusu rəsmiləşdirilməlidir.
Digər hal – torpağın çıxarışı var, lakin evə çıxarış almaq mümkün deyil. Bu zaman tikintinin qanuniliyi və torpağın təyinatı yoxlanılır.
Əgər torpaq sahəsi kənd təsərrüfatı, sənaye və ya digər qeyri-yaşayış təyinatlıdırsa, onun üzərində fərdi ev tikmək olmaz.
Belə hallarda əvvəlcə torpağın təyinatı dəyişdirilməlidir. Bunun üçün Əmlak xidmətinə müraciət edilir və qanunvericiliyə uyğun prosedur həyata keçirilir.
Təyinat dəyişdirildikdən sonra tikinti aparmaq və evə çıxarış almaq mümkündür.
Əks halda, torpağın təyinatı dəyişdirilmədən tikilmiş evə çıxarış verilməyəcək.
