34 ilin keçməyən ağrısı: Xocalı şahidi danışır
Bu gün 26 fevraldır – Xocalı faciəsindən 34 il ötür. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri yazıldı. Həmin gecə yüzlərlə dinc sakin amansızlıqla qətlə yetirildi, minlərlə insan yaralandı, əsir və girov götürüldü. Ailələr dağıldı, uşaqlar yetim qaldı, analar övladlarını, övladlar ata-anasını itirdi. O gecə təkcə bir şəhər yox, bir xalq sınağa çəkildi.
Operativ Media xəbər verir ki, o dəhşətli gecənin şahidlərindən biri də Mürvət Məmmədovdur.
O zaman cəmi 14 yaşı vardı. Ailəsi səkkiz nəfərdən ibarət idi. Qərbi Azərbaycandan məcburi köçkün kimi Xocalıya gəlmişdilər. Müharibə onların həyatına artıq öz izini salmışdı – qardaşı şəhid olmuşdu, başı kəsilmişdi. Atası və böyük qardaşları könüllü batalyonlarda xidmət edirdi. Müharibə uzaqda deyildi, evlərinin içində idi.
"Fevralın 25-dən 26-na keçən gecə şəhər hər tərəfdən atəşə tutuldu. Heç bir çıxış yolu yox idi. Evimizi mühasirəyə aldılar. Mən ayağımdan, anam kürəyindən yaralandı. Qonşularımızın arasında həlak olanlar oldu, 3 yaşlı körpə də daxil… O mənzərəni unutmaq mümkün deyil", - Mürvət Məmmədov xatırlayır.
Onları təslim olmağa məcbur edir, bir otağa yığıb yandırmaqla hədələyirdilər. Son anda bu vəhşilik baş tutmadı, lakin evləri talan edildi. Atası və qardaşı onlardan ayrıldı. Uzun müddət onların taleyindən xəbər ala bilmədilər. Əsirlikdə və mühasirədə insanlığa sığmayan işgəncələr gördülər. 11 yaşlı qardaşının avtomat qarşısında təhdid edilməsi Mürvət Məmmədovun yaddaşında donub qalan səhnələrdəndir.
İllər keçdi. Azadlıqdan sonra Mürvət Məmmədov anası ilə birlikdə ilk dəfə Xocalıya qayıtdı.
"Əvvəlcə Milli Qəhrəman Allahverdi Bağırovun məzarını ziyarət etdik. Sonra atamla qardaşlarımla son dəfə ayrıldığımız yerə getdik. Anam o torpaqda ürək tutması keçirdi. Dövlətimizin dəstəyi ilə əməliyyat olundu, ürəyinə stent qoyuldu. Bu gün şükür ki, səhhəti yaxşıdır", - deyə o bildirir.
Hazırda ailə Xocalının Təzəbinə kəndində, öz evində yaşayır. Mürvətin iki övladı var – bir oğlan, bir qız. Oğlu babasının adını daşıyır. Uşaqlar məktəbə gedir, ailə işləyir, həyat davam edir.
Amma bir həqiqət dəyişmir: onların uşaqlığı müharibədə qalıb. Bu torpaq atasının qanını görüb, qardaşının izini daşıyır:
"Uşaqlığımız müharibədə qaldı. Amma bu gün torpağımızdayıq. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Bu günləri bizə yaşadanlara minnətdarıq. Xocalı unudulmur və heç vaxt unudulmayacaq".