Ekspert: İşsizliklə bağlı rəsmi statistika reallığı əks etdirmir
İşsizlik, müasir cəmiyyətlərin üzləşdiyi ən ciddi sosial-iqtisadi problemlərdən biridir. Hər bir fərd üçün iş, yalnız maddi təminat deyil, həm də sosial status, özünüifadə və həyat keyfiyyəti üçün vacib bir amildir.
2025-ci il dekabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 239,3 min nəfər olub.
Son məlumatlara əsasən, Azərbaycanda işsiz kimi qeydiyyata alınan əhalinin 51,5 faizini qadınlar təşkil edir.
Məsələ ilə bağlı Operativ Media-ya danışan iqtisadçı Aslan Əzimzadə bildirib ki, işsizlik bu gün qlobal miqyasda demək olar ki, bütün ölkələrin üzləşdiyi makroiqtisadi problemlərdən biridir:
“Azərbaycanda bu sahədə kifayət qədər mütərəqqi mexanizmlər formalaşdırılıb. Xüsusilə son illərdə həyata keçirilən effektiv sosial siyasət və məşğulluq proqramları işsizliyin azaldılmasına ciddi töhfə verib.
Bununla belə, məsuliyyətin əsas yükünü yalnız dövlətin üzərinə qoymaq düzgün olmaz. İşsizliyin uzunmüddətli və dayanıqlı şəkildə azaldılması üçün sahibkarlıq sektorunun inkişafı həlledici rol oynayır. Məhz özəl sektorun genişlənməsi məşğulluğun artmasına və nəticə etibarilə işsizliyin azalmasına imkan yaradır".
Onun sözlərinə görə, hazırda sahibkarların qarşılaşdığı əsas maneələrdən biri bank kredit faizlərinin yüksək olmasıdır:
"Yüksək faiz dərəcələri daxili investisiyaların stimullaşdırılmasını çətinləşdirir. Son illər Azərbaycanda əsas kapitala yönəldilən investisiyalarda bank sektorunun payının nisbətən aşağı olması da bunu təsdiqləyir. Bu göstərici inkişaf etməkdə olan bir sıra ölkələrlə müqayisədə Azərbaycanın daxili investisiya mühitinin formalaşmasında geridə qalmasına səbəb olur.
Bu baxımdan ilk növbədə bank kredit faizlərinin sektorlar üzrə diversifikasiyası təmin edilməlidir. Eyni zamanda monetar siyasətdə daha çevik və yumşaq yanaşmalar tətbiq olunmalı, pul kütləsinin real sektora yönəlməsi üçün effektiv mexanizmlər yaradılmalıdır. Əks halda, bu proses düzgün tənzimlənməzsə, monetar risklər yarana və tələb inflyasiyasına səbəb ola bilər.
Daxili investisiya mühitinin stimullaşdırılması nəticəsində yeni iş yerlərinin açılması, xüsusilə də özəl sektorun aparıcı rola çıxması uzunmüddətli perspektivdə işsizliyin azalmasına, məşğulluğun artmasına və ümumilikdə dayanıqlı iqtisadi inkişafın təmin olunmasına mühüm töhfə verə bilər”.
İqtisadçı Xalid Kərimli isə qeyd edib ki, rəsmi statistikaya görə Azərbaycanda işsizlik səviyyəsi təqribən 5 faiz təşkil edir:
"Bu beynəlxalq müqayisədə nisbətən aşağı rəqəm sayılır. Birinci növbədə qeyd etmək lazımdır ki, işsizlik hər bir cəmiyyət üçün qaçılmazdır. Elə bir ölkə yoxdur ki, orada işsizlik ümumiyyətlə mövcud olmasın. Əsas məsələ işsizliyin səviyyəsi və onun strukturudur.
Burada mühüm bir məqam da var: statistikada işsiz kimi qeydə düşmək üçün təkcə işsiz olmaq kifayət etmir.
Şəxs:
1. İşsiz olmalı,
2. Dövlət Məşğulluq Agentliyində qeydiyyatdan keçməli,
3. Ona təklif olunan uyğun iş yerlərindən imtina etməməlidir.
Əgər şəxs işsiz olsa da, rəsmi qeydiyyata düşməyibsə, statistika onu işsiz kimi göstərmir. Bu səbəbdən real işsizliklə rəsmi statistika arasında fərqlər yarana bilir.
Beynəlxalq təcrübəyə baxsaq, ABŞ-də işsizlik səviyyəsi təxminən 2-3 faiz, Türkiyədə isə 10–12 faiz civarındadır. Bu mənada Azərbaycanın rəsmi göstəriciləri qənaətbəxş görünür. Lakin bu, problemin tam həll olunduğu anlamına gəlmir.
İqtisadiyyatda müxtəlif işsizlik növləri mövcuddur. Normal və sağlam iqtisadiyyatlarda friksion işsizlik – yəni iş dəyişmə, daha yaxşı iş axtarışı ilə bağlı müvəqqəti işsizlik – tamamilə təbii haldır. İnsanlar bilik və bacarıqlarını artırdıqca, daha yaxşı iş tapmaq üçün müəyyən müddət işsiz qala bilirlər.
Daha ciddi problem isə struktur işsizlikdir. Bu halda işçinin ixtisası mövcud əmək bazarının tələblərinə uyğun gəlmir. Azərbaycanda işsizliyin azaldılması üçün əsas diqqət məhz bu istiqamətə yönəlməlidir.
Neft-qaz sektorunun inkişafı bu problemi tam həll edə bilməz. Çünki bu sahədə artıq kifayət qədər işçi qüvvəsi mövcuddur və sektorun genişlənmə potensialı məhduddur. Hazırda neft-qaz sahəsində təxminən yüz minə yaxın insan çalışır və bu rəqəmin ciddi şəkildə artması gözlənilmir.
Əsas çıxış yolu qeyri-neft sektorunun inkişafıdır.
Bunun üçün:
• Qeyri-neft sahələrinə kreditlərin artırılması,
• Sahibkarlığın dəstəklənməsi,
• Daxili investisiyaların stimullaşdırılması vacibdir.
Əks halda, qeyri-neft sektoru zəif inkişaf edərsə, işsizlik problemi dərinləşə bilər. Son aylarda orta aylıq əməkhaqqının azalması da bu riskləri artırır. Gəlirlər artmadıqca, yeni iş yerlərinin yaradılması çətinləşir və sosial narahatlıqlar yarana bilər.
Rəsmi göstəricilər müsbət görünsə də, uzunmüddətli perspektivdə işsizliyin qarşısının alınması üçün qeyri-neft sektorunun dayanıqlı inkişafı həlledici əhəmiyyət daşıyır".