Menyu

Hər kəsə "cahil" deyən alim - Niyə bizdə İlber Ortaylı yoxdur?

Operativ Media
Hər kəsə "cahil" deyən alim - Niyə bizdə İlber Ortaylı yoxdur?

Məşhur türkiyəli tarixçi İlber Ortaylının ölüm xəbəri Türkiyə kimi, Azərbaycan sosial mediasında gündəm oldu. Hər kəs alimin sözlərini, çıxışlarını paylaşdı. Sadəcə kiçik bir sualla məsələyə başqa cür yanaşmaq istəyirəm. Niyə bizdən İlber Ortaylı çıxmır?

İlber Ortaylının uğurlarından, Çikaqo universitetində dərs deməsindən, yazdığı böyük tarixi əsərlərdən danışmıram. Türkiyədə, bəlkə Azərbaycanda da ondan daha uğurlu alimlər var. Niyə Ortaylı bu qədər populyar oldu? Əgər bizim gənclər kitaba və elmə düşməndirlərsə, necə oldu ki, ən sıxıcı dərslərdən biri olan tarix elminin nümayəndəsinin vəfatı onlarda reaksiya yaratdı?

Məsələyə öz başıma gələn hadisələri danışaraq toxunmaq istəyirəm.

Orta məktəbdə yayda növbəti ilin dərslərini oxumaq kimi bir vərdişim var idi. Bunun səbəbi odur ki, müəllimin növbəti dərsi danışması mənə sıxıcı gəlmişdi. Mən də bunu evdə deyəndə anamın tapdığı həll yolu yayda dərsləri əvvəldən oxutmaq oldu ki, müəllim dərsi izah edəndə mənim üçün daha asan olsun. Dediyim kimi, çox faydalı təsirləri oldu. Bəzən müəllimlə debat edib suallar verirdim. Bəzən isə özüm çıxıb yeni dərsi danışırdım. Məktəb vaxtı bu problem praktiki olaraq həllini tapmışdı.

Sonra ənənəvi olaraq məktəbdə oxuduqlarımızla öyrənmədiyimizi anlayıb universitet üçün repetitor yanına getdik. Daha bir işgəncə növü... Bu dəfə bildiyim dərslər danışılırdı. Məktəbdən tək fərqi daha az adamın olmasıdır.

Hazırlıq dövründə məndə bu işgəncəni unutduram riyaziyyat fənnini tədris edən Yusif müəllim idi. Sıxılaraq getdiyim ilk gündən qarşımda bambaşqa bir adamla tanış oldum. Heç də özü danışmırdı. Hər izahı interaktiv idi. Sıxılmırdı. Sevgilisindən ayrılanla da dərdləşib dərsə qaytarırdı. Ailəsi ilə dalaşanı ailəsi ilə barışdırırdı. Yaxşı mənada əl çəkmirdi adamdan. Normalda 1 saata sıxıldığım dərslərdə onun yanında bəzən 5-6 saat olurdum. Müzakirə etmədiyimiz mövzu yox idi. Həndəsə məsələləri aramızda prinsipə çevrilirdi. Tapanda uşaq kimi sevinirdik. Kənardan baxan deməzdi ki, o, müəllimdir. Əsla cavabı deməzdi. Bizimlə cavabı axtarardı. Və nəticə olaraq riyaziyyatdan 95 faizlik nəticə göstərərək universitetə qəbul oldum.

Ancaq universitet... Universitet tam işgəncə idi. Mühazirələr olurdu. Müəllim sadəcə danışırdı. İnteraktiv yox, sual-cavab yox. Mühazirədə müəllim danışır, seminarda tələbə. Sıxıcı dərslər. Bu gün belə bəzi yaxşı qiymət alan tələbə yoldaşlarımın o dərslərin hamısını unutduğundan əminəm. Beləcə bəzi dərslərdə iştirak etmədim. Davamiyyət problemi məni kəsrləri olan, yəni zəif tələbə vəziyyətinə saldı. Dərdimi hansı müəllimə dedimsə, kəskin etiraz elədi. Hətta bir müəllim istehza ilə yanaşaraq məni dərsdən qovmuşdu. Hər kəs haqlı idisə, mənim etirazım nəyə idi? Niyə akademik fəaliyyəti olan bu qədər insan mənim sıxıldığımı anlamırdı?

Yazının bu yerində qeyd kimi, mənfi obrazların imiclərində problem olmasın deyə adlarını çəkməyəcəyəm. Ancaq daha bir müsbət obraz var ki, onun adını çəkməsəm olmaz. Sevda müəllimə. Universitet koridorunda olmuşdu ilk tanışlığımız. Mənə niyə dərslərə girmədiyimi soruşdu. Ənənəvi cavabı, sıxıldığımı dedim. "Gəl, bu dəfə digər dərslərindən fərqli olacaq" dedi. Tarix dərsi idi. Səfəvi-Osmanlı müharibəsi mövzu idi. Qruplara böldü, "Hər kəs bir tərəfi müdafiə edəcək" dedi. Qrupumuzun üzvləri ilə tələbə evinə getdik, səhərə kimi o debata hazırlaşdıq. O dərsdən hər kəs haqqı ilə yüksək qiymət aldı. Tarixi hadisələr, döyüşlər bizə əyləncə kimi olmuşdu.

İlber Ortaylının sevilməsinin də əsas fərqi budur. O və geoloq dostu Celal Şengör Türkiyə gündəminə dialoq mədəniyyətini gətirənlərdəndir. Hər zaman əks fikirli insanları belə fərq qoymadan dinləyib, izah edib, yeri gələndə zarafatlaşırdılar. Əsla insanlara yönələn populist çıxışlara qaçmadılar. İlber Ortaylı eyni zamanda Türkiyə mem tarixinin də başlanğıcı hesab olunur. Onun "cahil" mem və kapsları uzun müddət gülüş mövzusu olmuşdu. Türkiyədə gənclər yeni kapslar düzəltmək üçün alimin çıxışlarını izlədilər. Sonra isə onun pərəstişkarlarına çevrildilər. Qardaş ölkədən bizə keçən tendensiyaların biri də məhz Ortaylı və Şengörün çıxışlarının populyarlığıdır. Buna onların Bakı səfərləri zamanı gördüyü sevgi də sübutdur.

Xülasə etsək, Ortaylı xalq ilə arasında bütün körpü vasitələrini geniş istifadə etdi. Televiziyalar, konfranslar, kitablar, sosial şəbəkələr. Bizdə isə alimlər ancaq elmi jurnallara məqalə yazmaqla kifayətlənirlər.

Bu mənada Ortaylı ənənəvi kitabdan günümüz trendinə adaptasiyanın ən nümunəvi insanlarından sayılır.

Yəni Ortaylının fərqi akademik uğurlarından çox, elmi auditoriyadan çıxarıb gündəlik söhbətin bir hissəsinə çevirməsində idi. Azərbaycanda isə alim ölən zaman sadəcə adını eşidirik. Nə efirlərdə, nə də sosial şəbəkələrdə onlar danışmırlar, səmimiyyətləri görülmür.

Elm populyar olmasa, cəmiyyətə çata bilməz. Çünki məsələyə agah olan hər kəs bilir ki, xalis elm sıxıcıdır. Əgər geniş auditoriyaya elmin çatmasını istəyiriksə, ona əyləncə qatmağa məcburuq.

İlber Ortaylıya isə Allah rəhmət eləsin.

Həsən Fətəliyev

Əlaqəli Xəbərlər