Menyu

Keniyalı memar: “WUF13 mənə yeni baxış qazandırdı”

Operativ Media
Keniyalı memar: “WUF13 mənə yeni baxış qazandırdı”

Keniyalı memar Pasinband Johnson Muaru Bakıda keçirilən World Urban Forum çərçivəsində təşkilatçılığı yüksək qiymətləndirib. 

Operativ Media-ya danışan memar bildirib ki, indiyədək səkkiz fərqli şəhərsalma forumunda iştirak edib və Bakıdakı forum ən yaxşı təşkil olunan tədbirlərdən biridir.

Memarın sözlərinə görə, forum iştirakçıları üçün geniş və rahat məkan ayrılıb, sərgi iştirakçıları isə müstəqil pavilyonlar qurmaq üçün kifayət qədər sahə əldə ediblər.

O qeyd edib ki, bu yanaşma urbanistika və yaşayış məskənlərinin təşkili baxımından maraqlı müzakirələr yaradıb.

Johnson Muaru Azərbaycanı memar və şəhərsalmaçı gözü ilə qiymətləndirərək ölkədə aşağımərtəbəli yaşayış layihələrinin üstünlük təşkil etdiyini vurğulayıb. Onun fikrincə, Azərbaycanda geniş ərazilərdə fərdi evlərin tikintisinə üstünlük verilir. O bildirib ki, bu tendensiya bir çox ölkələrdə müşahidə olunsa da, Keniyada yanaşma fərqlidir.

Memar qeyd edib ki, Keniyada əsas diqqət hündürmərtəbəli yaşayış binalarının inşasına yönəlib. Bu modelin daha sürətli, ucuz və əlçatan mənzil həlli təqdim etdiyini deyən Muaru, bunun hər zaman “ev” anlayışını yaratmadığını düşünür. Onun sözlərinə görə, həqiqi ev uşaqların oynaya biləcəyi, insanların özünü aid hiss etdiyi məkandır.

O əlavə edib ki, yüksək mərtəbəli binalarda yaşayan insanların “bu mənim evimdir” hissini yaşaması daha çətin olur. Forum zamanı müxtəlif ölkələrin fərdi yaşayış evlərinə üstünlük verməsinin səbəbləri və bunun urbanistik üstünlükləri ilə tanış olduğunu deyən keniyalı memar bu təcrübənin onun üçün “göz açan” olduğunu bildirib.

Hazırda bazar üçün yaşayış evləri tikən şirkətə rəhbərlik etdiyini deyən Johnson Muaru, indiyədək əsasən çoxmərtəbəli binalar inşa etdiklərini, hətta 20-25 mərtəbəli layihələr planlaşdırdıqlarını qeyd edib. Bununla belə, Bakı forumunun ona alternativ yanaşmalar barədə yeni baxış qazandırdığını vurğulayıb.

Memar sonda bildirib ki, Bakıdakı forum həm peşəkar, həm də şəxsi baxımdan onun üçün olduqca faydalı, informativ və fərqli təcrübə olub.

Əlaqəli Xəbərlər