Xarici nümayəndə: “Dünya Şəhərsalma Forumu təcrübə mübadiləsi üçün mühüm platformadır”
Dünya Şəhərsalma Forumu şəhərsalma və urbanistika sahəsində çalışan insanları bir araya gətirən vacib platformadır. Forum çərçivəsində iştirakçılar müxtəlif ölkələrin təcrübələrini bölüşür, şəhərlərin inkişafı ilə bağlı yeni yanaşmaları müzakirə edir və uğurlu layihələrini təqdim edirlər.
Nigeriyadan olan iştirakçı Grace Joshua Bitrus Operativ Media-ya bildirib ki, bu tədbir ətraf mühiti və şəhər mühitini formalaşdıran mütəxəssislərin bir araya gəldiyi beynəlxalq görüş məkanıdır:
“Burada insanlar öz təcrübələrini paylaşır, ən yaxşı nümunələri nümayiş etdirirlər. Bu, həm əməkdaşlıq, həm də yeni ideyaların öyrənilməsi baxımından çox önəmlidir”.
O, Azərbaycanın memarlığından da təsirləndiyini qeyd edib:
“Azərbaycan memarlığını çox bəyəndim. Bakı həm müasir, həm də tarixi memarlığın bir arada olduğu çox gözəl şəhərdir”.
Qonaq Bakının tarixi məkanlarını ziyarət etdiyini də bildirib:
“İçərişəhərdə oldum, oranı çox bəyəndim. Tarixi məkanların memarlığı və atmosferi çox təsirlidir”.