Xəzərdə nəsli təhlükədə olan balıq növlərinin bərpası üçün genişmiqyaslı kampaniya başlanıb
Balıq ehtiyatlarının qorunması və bərpası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Balıqçılıq və Akvakultura Mərkəzinin əsas fəaliyyət istiqamətlərindən biridir.
Bunu Operativ Media-ya açıqlamasında Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev deyib.
O, nəsli kəsilməkdə olan balıq növlərinin qorunmasının vacibliyini vurğulayıb.
"Nərə balığı və Xəzər qızılbalığı nəsli kəsilmək təhlükəsi ilə üzləşən növlər sırasındadır. Bu növlərin qorunması və bərpası həm bugünkü, həm də gələcək nəsillər qarşısında mühüm məsuliyyət hesab olunur. Bu məqsədlə Xəzərdə növbəti balıqburaxma kampaniyasına start verilib.
Kampaniya çərçivəsində Xəzər sahillərinə çəkisi 300-500 qram arasında olan nərə balıqları, eyni zamanda Xəzər qızılbalığı buraxılır. Mövsüm ərzində ümumilikdə 500 mindən çox nərə balığının və 50 mindən artıq Xəzər qızılbalığının təbii su hövzələrinə buraxılması planlaşdırılır.
Məlumata görə, yalnız bu ay ərzində 150 min nərə balığının Xəzərə buraxılması nəzərdə tutulub. Buraxılan balıqların bir hissəsi ötən illərdə yetişdirilən nümunələrdir. Bununla yanaşı, bu il inkubasiyadan çıxmış 3-5 qramlıq körpə balıqlardan da 500 min ədədin təbii mühitə buraxılması planlaşdırılır.
Balıqburaxma prosesi əsasən yaz və payız aylarında həyata keçirilir. Yaz mövsümündə 150 min, payız aylarında isə 350 min nərə balığının buraxılması hədəflənir".
Qeyd olunub ki, Xəzərə balıq buraxılışı mütəmadi şəkildə davam etdiriləcək və nadir növlərin qorunması istiqamətində dövlət qurumları tərəfindən tədbirlər bundan sonra da davam edəcək.