Menyu

Valideynlər maarifləndirilməlidir, yoxsa cəzalandırılmalıdır? - ənənəvi ailə institutu və yeni qanun

Ayşən Sadıxzadə
Valideynlər maarifləndirilməlidir, yoxsa cəzalandırılmalıdır? - ənənəvi ailə institutu və yeni qanun

Uşağa tərbiyə məqsədilə zorakılığa görə qanunvericiliyə dəyişiklik mübahisə yaradıb, deputat Nigar Arpadarai buna görə valideynin cəzalandırılmasına qarşı çıxıb.

Operativ Media xəbər verir ki, bu gün Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat deyib ki, bu dəyişiklik ailə bütövlüyünün, valideynlərlə uşaqlar arasında münasibətlərin zəifləməsinin başlanğıcına çevrilə bilər:

“Bu sahədə onsuz da problemlərimiz var və onları həll etmək lazımdır, daha da dərinləşdirmək yox. Bəli, deyə bilərsiniz ki, bu tip qanunlar 1980-ci illərdən etibarən Avropada və bəzi digər ölkələrdə qəbul olunur və artıq təxminən 70 ölkə bunu edib. Amma həmin ölkələrin siyahısına baxsanız, onların əksəriyyətində demoqrafik vəziyyətin ağır olduğunu görərsiniz. Həmin ölkələrin ailələrində olan neqativ halların yaranmasında belə qanunların kifayət qədər böyük rolu var – bu proses qonşulara, müəllimlərə və uzaq qohumlara valideynlərin uşaqlara fiziki və ya psixoloji təzyiq göstərdiyi barədə polisə və sosial xidmətlərə müraciət etmək imkanı verən qanunlarla başlayıb. Heç kim mənə sübut edə bilməz ki, belə yanaşma real fayda gətirir. Məsələn, bu gün Kaliforniyada məktəbdə valideynin xəbəri olmadan uşağa antidepressantlar təyin oluna bilər. Hətta ona gender disforiyası diaqnozu qoyularaq cinsiyyət dəyişdirmə proseduru başlana bilər. Əgər siz valideyn kimi buna etiraz etsəniz, hətta həbs riski ilə üzləşə bilərsiniz. Avropanın bəzi ölkələrində isə sosial xidmətlər hesab etsə ki, siz uşağınızı hansısa “standartlara” uyğun olmayan dəyərlərlə tərbiyə edirsiniz – məsələn, sizin tərbiyə üsulunuz cinsi azlıqlara münasibətdə “tolerantlıq” prinsiplərinə uyğun deyil – bu halda siz valideynlik hüququnuzu itirə bilərsiniz. Bunları qorxutmaq üçün demirəm, reallıqdır. Mən uşaqlarını qorumaq məqsədilə belə ölkələrdən və ştatlardan köçən ailələri tanıyıram. Qeyd etdiyim nümunələrdə olan proseslərə vaxtilə bu kimi qanunlar yol açıb”, – deputat qeyd edib".

Nigar Arpadarai hesab edir ki, dünyada böyük ideoloji mübarizə gedir və ənənəvi ailə institutu bu mübarizənin hədəflərindən biridir: "Bu cür qanun isə bir növ aldadıcı mexanizm rolunu daşıyır. O, uşaqların hüquqlarının qorunması illüziyasını yaratmaq üçün belə təqdim olunur. Əslində, sağlam ailələrin uşaqlara verdiyi qorumanı zəiflətməyə və dağıtmağa gətirib çıxarır. Təbii ki, mən uşaqlara qarşı fiziki cəzanın qəti əleyhinəyəm. Biz tərbiyə məqsədilə fiziki cəzalara qarşı mübarizə aparmalıyıq. Amma bunu belə problemli qanunu qəbul etməklə deyil, insanların maarifləndirilməsi yolu ilə etməliyik. Qanunda psixoloji cəza anlayışı da var. Bunu kim müəyyən edəcək? Dövlət minlərlə psixoloq işə götürməlidir ki, valideynlərin uşaqlara psixoloji təzyiq göstərib-göstərmədiyini yoxlasın? Tərbiyənin harada bitdiyini və psixoloji təzyiqin harada başladığını necə müəyyən etmək olar? Bu müddəa praktikada icrası çox çətin olan və müxtəlif sui-istifadələrə yol aça bilən yanaşmadır. Digər tərəfdən, fiziki zorakılığa görə cinayət məsuliyyəti artıq mövcuddur və heç kim valideynləri bu məsuliyyətdən azad etmir. Bu qanun Azərbaycan ailəsinin möhkəmləndirilməsi üzrə strategiyamıza ziddir. Uşaqları döymək olmaz – bu tam aydındır. Lakin bunun üçün başqa yollar axtarmaq lazımdır və beynəlxalq lobbi qruplarının təşviq etdiyi mexanizmlərə düşünmədən qoşulmaq düzgün deyil. Belə yanaşmanın tətbiq olunduğu ölkələrdə nəticələr göz qabağındadır – Qərb ölkələrində ailə və uşaq siyasəti sahəsində vəziyyət yaxşılaşmır, əksinə, daha da mürəkkəbləşir. Əgər belədirsə, niyə biz onların yolu ilə getməliyik? Mən bunu həm deputat, həm də ana kimi deyirəm".

Mövzu ilə bağlı Operativ Media-ya danışan sosial məsələlər üzrə ekspert Fatimə Hacıbəyli bildirib ki, uşaqların hüquqlarının qorunması məsələsi cəmiyyət üçün olduqca həssas və prioritet mövzudur:

“Hesab edirəm ki, uşağa qarşı zorakılığın hər hansı formada - istər fiziki, istərsə də psixoloji “tərbiyə” adı ilə əsaslandırılması qəbuledilməzdir. Uşaqların sağlam, təhlükəsiz və zorakılıqsız mühitdə böyüməsi dövlətin və cəmiyyətin birgə məsuliyyətidir.

Eyni zamanda, qanunvericilik təşəbbüslərinin hazırlanması və tətbiqi zamanı balansın qorunması xüsusi əhəmiyyət daşıyır. Qanunların icrasında qeyri-müəyyənliklər və ya sərt yanaşmalar valideyn-övlad münasibətlərinə mənfi təsir göstərə bilər. Bu səbəbdən hüquqi mexanizmlər aydın, şəffaf və praktik baxımdan düzgün tənzimlənməlidir.

Biz vətəndaş cəmiyyəti institutları olaraq hesab edirik ki, problemin həllində yalnız cəza tədbirləri deyil, eyni zamanda geniş maarifləndirmə işləri, valideynlərin psixoloji və hüquqi biliklərinin artırılması, ailə dəyərlərinin gücləndirilməsi əsas istiqamətlərdən biri olmalıdır.

Nəticə etibarilə, məqsədimiz həm uşaqların hüquqlarının etibarlı qorunması, həm də sağlam ailə institutunun möhkəmləndirilməsi olmalıdır. Bu istiqamətdə dövlət qurumları, QHT-lər və cəmiyyət birgə və koordinasiyalı şəkildə fəaliyyət göstərməlidir”.

Psixoloq Zeynəb Eyyubova isə bildirib ki, uşağa “tərbiyə məqsədilə” tətbiq olunan fiziki və ya psixoloji təsirlər əslində onun psixoloji inkişafına ciddi və uzunmüddətli təsir göstərə bilər:

“Uşaq ilk növbədə ailədə özünü təhlükəsiz və qəbul edilmiş hiss etməlidir. Əgər valideyn tərbiyə adı ilə uşağa qarşı zor tətbiq edirsə, bu zaman uşaq sevgi ilə qorxu arasında qarışıqlıq yaşayır. Nəticədə onda özünə inamsızlıq, günahkarlıq hissi və emosional gərginlik formalaşa bilər. Belə uşaqlarda gələcəkdə narahatlıq, aqressiya, depressiv hallar və münasibətlərdə etimad problemləri daha çox müşahidə olunur.

Psixoloji baxımdan fiziki cəza uşağa düzgün davranışı öyrətmir, sadəcə cəzadan qorxmağı öyrədir. Uşaq səhvin niyə səhv olduğunu anlamaq əvəzinə, sadəcə cəzadan yayınmağı öyrənir. Bu isə daxili məsuliyyət və empatiyanın formalaşmasına mane ola bilər.

Digər tərəfdən, psixoloji zorakılıq - yəni uşağı alçaltmaq, müqayisə etmək, qışqırmaq və ya davamlı tənqid etmək uşağın özünə dəyər hissini zədələyir. Uzun müddətdə belə münasibət uşağın özünü dəyərsiz hiss etməsinə, sosial münasibətlərdə çətinliklər yaşamasına və emosional travmalara səbəb ola bilər.

Sağlam tərbiyənin əsas prinsipləri isə qorxuya deyil, izaha, empatiyaya və sərhədlərin düzgün qurulmasına əsaslanır. Uşaq davranışının nəticələrini başa düşdükdə və valideyn tərəfindən anlayışla qarşılandıqda, həm məsuliyyət hissi, həm də emosional təhlükəsizlik daha sağlam şəkildə formalaşır.

Bu səbəbdən müasir psixologiyada uşağa qarşı hər hansı zorakılıq forması tərbiyə üsulu kimi deyil, uşağın psixoloji rifahına zərər verən davranış kimi qiymətləndirilir. Cəmiyyətin əsas məqsədi isə uşaqların həm fiziki, həm də emosional baxımdan təhlükəsiz mühitdə böyüməsini təmin etmək olmalıdır”.

Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov isə bildirib ki, bəzi yanaşmalar Azərbaycanın mövcud ailə dəyərlərinə və ənənəvi münasibətlər sisteminə müəyyən risklər yarada bilər:

“Məsələ ondadır ki, qanunlar insanları sadəcə cəzalandırmaq və ya onlara güc nümayiş etdirmək üçün qəbul olunmamalıdır. Qanunların əsas məqsədi münasibətləri tənzimləmək və cəmiyyətdə sağlam mühit yaratmaqdır. Bəzən sərt cəzalardan daha çox, maarifləndirmə, izah və ictimai qınaq insanların davranışına daha müsbət təsir göstərir.

Azərbaycanın tarixən formalaşmış güclü ailə modeli olub. Təəssüf ki, bu model müəyyən mənada zəifləmək üzrədir. Əsrlər boyu formalaşan ağsaqqallıq institutu, ailədaxili hörmət və məsuliyyət anlayışları bu gün əvvəlki gücünü qismən itirir. Ona görə də yeni qanunlar hazırlanarkən milli dəyərlər də nəzərə alınmalıdır.

Əlbəttə, uşağa qarşı zor tətbiq edən hallara qarşı qanunlar olmalıdır və bu, vacibdir. Amma bu qanunlar hər bir valideynin kiçik səhvini kriminal məsələ kimi təqdim etmək üçün yox, real təhlükəli halların qarşısını almaq üçün tətbiq olunmalıdır. Çünki valideyn-övlad münasibətlərinin sağlam formalaşmaması birbaşa valideyn məsuliyyətidir və bu məsuliyyət cəmiyyət üçün də əhəmiyyətlidir.

Eyni zamanda, heç bir valideyn övladına qarşı zor tətbiq etmək hüququna malik deyil. Bu, nə tərbiyə üsulu, nə də qəbul edilə bilən davranışdır. Qanunlar məhz bu cür halların qarşısını almağa xidmət etməlidir.

Digər tərəfdən, qanunların tətbiqi də çox önəmlidir. Bu prosesdə ədalətli yanaşma, düzgün qiymətləndirmə və həssaslıq əsas rol oynayır. Çünki məqsəd ailəni dağıtmaq yox, onu qorumaq olmalıdır.

Hamımız uşaq olmuşuq və valideynlərimizin bizə qarşı sərt olduğu anlar da olub. Amma bu, o demək deyil ki, zorakılıq normaldır. Sadəcə bu məqamlar göstərir ki, tərbiyə məsələsində incə balans var və bu balans düzgün qorunmalıdır.

Bu gün qlobal təsirlər də qaçılmazdır və müxtəlif ölkələrin təcrübələri öyrənilir. Amma hər bir qanun kor-koranə şəkildə başqa ölkələrdən götürülməməli, Azərbaycanın reallıqları və milli dəyərləri nəzərə alınaraq formalaşdırılmalıdır.

Nəticə olaraq, hesab edirəm ki, qanunlar təkcə cəza mexanizmi kimi yox, həm də maarifləndirici vasitə kimi işləməlidir. Cəza ilə yanaşı izah, tərbiyə və sosial dəstək də olarsa, daha effektiv nəticə əldə etmək mümkündür. Əsas məqsəd isə sağlam ailə mühitini qorumaq və gələcək nəsli düzgün formalaşdırmaqdır”.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni – 525-1-ci maddəyə əsasən, valideynlər (onları əvəz edən şəxslər), uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən uşağa qarşı cismani cəzanın tətbiqinə, yəni tərbiyə etmək məqsədilə və ya intizam tədbiri kimi uşağa qarşı fiziki və (və ya) psixoloji zorakılığın törədilməsinə görə iki yüz manat məbləğində cərimə ediləcək.

Bu, həmin əməl Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq ediləcək".

Əlaqəli Xəbərlər